Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə yüksəlməsində hər iki ölkənin liderlərinin şəxsi siyasi iradəsi və qarşılıqlı etimadı xüsusi rol oynayır. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev münasibətləri ənənəvi dostluq çərçivəsindən çıxararaq konkret siyasi, iqtisadi və humanitar məzmunla zənginləşdiriblər. Əbədi dostluq haqqında Müqavilə də əslində bu siyasi iradənin və liderlər arasında formalaşmış yüksək etimadın məntiqi nəticəsidir. Sənəddə münasibətlərin əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qurulduğu xüsusi vurğulanır.
Bunu AZƏRTAC-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, siyasi şərhçi Cəsarət Hüseynzadə deyib.
Onun sözlərinə görə, bu kontekstdə Prezident İlham Əliyevin son illərdə regionda formalaşan yeni geosiyasi reallıqlardakı rolunu ayrıca qeyd etmək lazımdır. Azərbaycan artıq yalnız Cənubi Qafqaz çərçivəsində deyil, Mərkəzi Asiya ilə Qərb arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasında mühüm mövqe tutan dövlətə çevrilib. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regional proseslərdə təşəbbüskar və təsir imkanları artan aktor kimi mövqeyi güclənib. Bu yeni şərait Azərbaycanın Türk dünyası, xüsusilə də Özbəkistanla münasibətlərinin daha strateji xarakter alması üçün əlavə imkanlar yaradıb. Əslində, Azərbaycanla Özbəkistanın yaxınlaşmasına yalnız ikitərəfli münasibətlər prizmasından baxmaq kifayət etmir. Bu yaxınlaşma Türk dünyasında gedən daha geniş siyasi və geosiyasi proseslərin mühüm tərkib hissəsidir. Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz və daha geniş coğrafiya ilə birləşdirən təbii körpü rolunu gücləndirdikcə, Bakı ilə Daşkənd arasında əməkdaşlıq da yeni strateji məna və məzmun qazanır.
“Münasibətlərin artıq konkret və nəticəyönümlü mərhələyə keçdiyini göstərən əsas məqamlardan biri də əməkdaşlığın ayrı-ayrı sahələr üzrə dəqiq mexanizmlərlə planlaşdırılmasıdır. Tərəflər arasında “Praktiki Fəaliyyət Planı (Yol Xəritəsi)” kimi sənədlərin imzalanması onu göstərir ki, siyasi iradə yalnız bəyanatlar səviyyəsində qalmır, konkret layihələrə, müddətlərə və icra mexanizmlərinə çevrilir. Bu isə Azərbaycan–Özbəkistan münasibətlərinin artıq sadəcə dostluq üzərində deyil, uzunmüddətli və sistemli strateji əməkdaşlıq modeli əsasında inkişaf etdiyinin təsdiqidir. Bu mənada prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev yeni zaman kəsiyində yalnız iki ölkə arasında münasibətləri inkişaf etdirən liderlər kimi deyil, Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasına siyasi impuls verən dövlət başçıları kimi çıxış edirlər. Onların münasibətlərində görünən qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrə də keçir. Siyasi iradə ilə xalqlar arasında tarixi-mənəvi yaxınlıq eyni nöqtədə birləşəndə isə münasibətlər daha dayanıqlı olur. “Əbədi dostluq” anlayışının əsas gücü də məhz bundadır: bu, təkcə bu günün siyasi qərarı deyil, dəyişən geosiyasi şəraitdə iki qardaş dövlətin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir”, - deyə C.Hüseynzadə əlavə edib.