Siyəzəndə şəhərdaxili avtomobil yollarına asfalt döşənir VİDEO
Siyəzən, 31 avqust, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə şəhərdaxili avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon İcra Hakimiyyəti tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində cari ilin sonunadək ümumilikdə 9 küçəyə asfalt döşənəcək.
Yenidənqurma işlərinə avqustun 20-dən başlanılıb. Hazırda işlər şəhərin Babək Bayramov və Orucəli Qoçəliyev küçələrində aparılır. Hər iki küçə genişləndirilərək 6 metr enində asfalt döşənib. İki küçənin ümumi uzunluğu 2,2 kilometrdir. Sakinlərin rahat hərəkət etməsi üçün küçədə piyada səkiləri yenidən qurulacaq.
İlin sonuna kimi Siyəzən şəhərində daha 7 küçə abadlaşdırılaraq, ilk dəfə asfalt örtüyü döşənəcək. Bu yolların ümumi uzunluğu 5 kilometrdən çoxdur.
Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüsal İbrahimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, şəhərin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Yenidənqurma işləri aparılan küçələrin böyük hissəsi yeni yaşayış massivlərini əhatə edir.
Şəhər sakinləri küçələrin asfatlaşdırılması və digər təmir-bərpa işlərindən razılıqlarını ifadə ediblər.