Siyəzənin Məşrif kəndində keçirilən tədbirdə Qarabağ Zəfərimizdən bəhs olunub
Siyəzən, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə həyata keçirilən “Kəndlərdə mədəniyyət günləri” layihəsinin növbəti ünvanı Siyəzən rayonunun Məşrif kəndi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Vətənimin seyrinə çağırıram elləri” adlı musiqili ədəbi-bədii tədbir çərçivəsində dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin, həmçinin söz ustadı Aşıq Ələsgərin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi nümayiş etdirilib.
Məşrif, Qalaaltı və Qozağacı kənd klub və kitabxanalarının birgə təşkil etdiyi tədbirin iştirakçıları qədim adət-ənənələrimizə, sənətkarlıq, mətbəx nümunələrinə, rəsm və əl işlərinə baxıblar.
Məşrif kəndində keçirilən tədbirdə incəsənət adamları, bədii kollektivlərlə yanaşı, 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid ailələrinin üzvləri də iştirak ediblər.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov layihə çərçivəsində oxşar tədbirlərin bölgənin digər rayonlarında da təşkil ediləcəyini vurğulayıb. Bildirib ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi gələcək nəsillərə vətənpərvərlik hissini aşılamaq, bölgədə yaşayıb-yaradan sənət adamlarının Qarabağ Zəfərimizlə bağlı hazırladıqları incəsənət nümunələrini nümayiş etdirməkdir.
Qeyd edilib ki, tarixi Qələbəmizin böyüməkdə olan nəsil tərəfindən öyrənilməsində incəsənət əsərləri mühüm rol oynayır.
Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Kənan Əliyev, Vətən müharibəsi şəhidi Elməddin Məhərrəmovun, Birinci Qarabağ savaşında şəhid olan pilot Feyruz Cəlilovun ailə üzvləri, qazi Sənan Yusifov, müharibə iştirakçısı polkovnik Vasif Məmmədov çıxış edərək, şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməklə müasir tariximizdə Zəfər salnaməsi yaratdığını qeyd ediblər.
Tədbirdə vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib, folklor nümunələri təqdim olunub.