Sloveniyalı kripto-milyonerin dörd otelindən birincisinin açılışı olub
Lyublyana, 24 iyul, AZƏRTAC
Son dövrlərdə beynəlxalq maliyyə sistemində yeni ödəniş vasitəsi olan kriptovalyuta cəmiyyətdə heç də birmənalı qarşılanmır. Ona gələcəyin qaçılmaz ödəniş vasitəsi, maliyyə bazarında inqilabi yenilik, “internetin qızılı” və digər pafoslu adlar verənlərlə yanaşı, bazarda qiyməti tələb-təklif əsasında formalaşan, dövlət tərəfindən nəzarət olunmayan və heç bir qanunla tənzimlənməyən bu elektron ödəniş vasitəsinə skeptik yanaşanlar da çoxdur. Bununla yanaşı, virtual valyuta ilə qısa zamanda varlananların və “gözəgörünməz” pulla öz biznesini quranların da sayı artır.
Sloveniyalı kripto-milyoner Damian Merlak da bu qəbildəndir. Qısa zamanda kriptovalyuta ilə böyük sərvət əldə edən D.Merlak mart ayında Alp vadisi Bohinyada aldığı və baxımsız vəziyyətdə olan dörd oteldən birincisinin qapılarını qonaqların üzünə açıb.
Bohinya gölünün şərqində Stara Fuyinada yerləşən və 27 özünəxidmət nömrəsi olan “Triqlav” apart-otelinin yeni damı, fasadı, döşəmələri, yenilənmiş mətbəxləri və vanna otaqları var. Üç və ya dörd ulduzlu bu oteldə qiymətlər əvvəlkindən bir az baha olacaq.
Bu arada, göldən qərbdə yerləşən 43 nömrədən ibarət otelin bərpası barədə danışıqlar gedir. Otelin 2011-ci ildən təmirə bağlandığına və görüləcək daha çox işin olmasına baxmayaraq, Merlakın komandası otelin üç ilə yenidən fəaliyyətə başlayacağına inanır.
Həmçinin, göldən şərqdə yerləşən Bohinya otelinin, eləcə də gölün yuxarı hissəsində yerləşən Vogel dağının xizək cığırlarından 50 metr aralıdakı “Ski Voqel” otelinin bərpası nəzərdə tutulub.
Bohinya ərazisində yerləşən daha bir köhnə otel özünə çox sayda turist cəlb edən Bled gölündən xeyli qərbdə yerləşən “Bellevue” otelidir. D.Merlak bir hissəsi tarixi memarlıq abidəsi kimi qorunan bu oteli də təmir etdirərək turistlərin sərəncamına vermək niyyətindədir.
Kriptovalyuta biznesi ilə 100 milyon avrodan çox sərvət toplayan sloveniyalı iş adamı müasir elektron maliyyə sistemi ilə klassik iqtisadi sahələri birləşdirməyə çalışır, virtual bazardan əldə etdiyi gəlirləri real daşınmaz əmlak sektoruna transfer edərək sərmayələrinin təhlükəsizliyinə diqqət göstərir. Sloveniya mətbuatının məlumatına görə, D.Merlak dörd otel üçün ümumilikdə 8,4 milyon avro xərcləyib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana