SOCAR-ın rəhbərliyi beynəlxalq nüfuzlu COP26 tədbirində iştirak edib
Bakı, 11 noyabr, AZƏRTAC
Cari ilin oktyabrın 31-dən noyabrın 12-dək Birləşmiş Krallığın təşkilatçılığı ilə Qlazqo şəhərində növbəti sessiya - COP26 keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq səviyyəli konfransda iştirak etmək məqsədilə SOCAR tərəfindən Ekologiya üzrə vitse-prezident Rəfiqə Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti səfər edib.
Məlum olduğu kimi, 1994-cü ildə qüvvəyə minmiş BMT-nin İqlim Dəyişmələri üzrə Konvensiyası çərçivəsində hər il “Tərəflərin Konfransı (Conference of the Parties - COP)” keçirilir.
Bir sıra xarici ölkə başçılarının, nazirlərin, dövlət məmurlarının, nüfuzlu elm ocaqlarının, akademiya və institutların, habelə nəhəng şirkət rəhbərlərinin qatıldığı tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində dünyanın “Sıfır karbon emissiyası” (NetZero) hədəfinə çatması mövzusunda baş tutan müzakirələrdə Rəfiqə Hüseynzadə fikir mübadiləsi aparıb, atmosfer emissiyalarının sıfra endirilməsi istiqamətində SOCAR-da görülən uğurlu işlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, SOCAR-ın ekologiya sahəsində ən böyük uğuru və məqsədi bütün dünyanın qəbul etdiyi “NetZero” hədəflərinə çatan ilk şirkətlərdən biri olmaqdır. Belə ki, SOCAR artıq istehsalatda səmt qazı atqılarını 2 faizə endirməyə nail olub və 2022-ci ildə istehsalatda olan emissiyaları sıfra endirmək hədəfinə çatmağı qarşısına məqsəd qoyub. Bu gün SOCAR tərəfindən təhvil verilən 6 milyard kubmetr qazın 2 milyard kubmetr həcmi ekoloji layihələrin nəticəsi olaraq, səmt qazının tutulması hesabına əmələ gəlir.
Səfər çərçivəsində Qlazqo şəhərində Rəfiqə Hüseynzadə hidrogen enerjisi istehsal edən bir sıra aparıcı şirkət rəhbərləri ilə görüş keçirib və “mavi hidrogen” enerjisinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirələr aparıb. Müzakirələr zamanı xarici şirkət rəhbərləri Azərbaycanın “mavi hidrogen” enerjisi sahəsində böyük potensiala malik olduğunu etiraf edərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığa maraqlı olduqlarını bildiriblər.
İşgüzar görüşlər zamanı Şotlandiya hökumətinin üzvü, Şotlandiyanın “NetZero”, energetika və nəqliyyat məsələləri üzrə naziri Maykl Metisonun, Şotlandiya hökumətinin “Hidrogen siyasəti” üzrə rəhbəri Stüard Makkeyin, Aberdin şəhər şurasının başçısı Riçard Svitnamın, hidrogen enerjisi ilə məşğul olan şirkətlərin icraçı direktorlarının, həmçinin beynəlxalq neft-qaz şirkətləri rəhbərlərinin dəvət olunduğu xüsusi təşkil edilmiş “Hidrogen günü” tədbirinə qoşulan Rəfiqə Hüseynzadə hidrogen enerjisinin geniş tətbiqinin iqlim dəyişmələrinə təsirin azaldılması istiqamətində öz töhfəsini verəcəyini qeyd edib.
Tədbir çərçivəsində Rəfiqə Hüseynzadə BP-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə, BP-nin vitse-prezidenti Nigel Dunnla, “Hydrogen, Howden Group”un qlobal direktoru Salah Mahdi ilə fikir mübadiləsi aparıb. BP-nin Region və şəhər dekorbanizasiyası üzrə vitse-prezidenti Andres Guevara De la Vega ilə bu sahədə növbəti görüşün Bakıda keçirilməsi və birgə fəaliyyətin dərinləşdirilməsi haqqında razılığa gəliblər.