SOCAR rəhbərliyinin iştirakı ilə şəhidlərimizin sayı qədər ağac əkilib
Bakı, 8 noyabr, AZƏRTAC
SOCAR Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, Bibiheybət ərazisində keçirilmiş iməcilikdə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinə 3 minə yaxın ağac əkilib. Tədbirdə SOCAR rəhbərliyi, Vətən müharibəsinin iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib: “Hazırda çox həssas məqamdır. Torpaqlarımızın azadlığı uğrunda aparılan haqq savaşından xalqımızın qalib gəlməsinin ilk ildönümü ərəfəsindəyik. Biz SOCAR ailəsi olaraq 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərən və qəhrəmancasına həlak olan şəhidlərimizin ruhlarının şad olması üçün onların sayı qədər ağac əkdik. Bu ağaclara xüsusi qayğı ilə qulluq ediləcək. İnanıram ki, bu ağaclar böyüdükcə Azərbaycanın bütövlüyü uğrunda, Vətənimizin hər bir qarış ərazisini işğalçılardan azad etmək üçün müqəddəs savaşa yollanmış və mənfur düşməni məhv edərək, özləri də Vətən naminə şəhidlik ali zirvəsinə yüksəlmiş döyüşçülərimizin ruhları şad olacaq”.
İməciliyə qatılan II Qarabağ müharibəsinin qazi və veteran neftçiləri ilə səmimi söhbət edən SOCAR rəhbərliyi onlarla fəxr etdiklərini, qürur duyduqlarını bildirib. Neftçilərin problemləri və qayğıları ilə yaxından maraqlanıb, çətinliklərin həlli istiqamətində təxirəsalınmaz işlərin görüləcəyini qeyd ediblər. Vətən uğrunda döyüşlərdə iştirak etmiş neftçilər diqqət və qayğıya görə SOCAR rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. İməciliyin sonunda xatirə şəkilləri çəkilib.