MƏDƏNİYYƏT
SON MƏNZİLƏ
Mayin 7-də respublikamızın ictimaiyyəti Azərbaycan teatr rəssamlığı sənətinin görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, xalq rəssamı Bədurə Məlik qızı Əfqanlını son mənzilə yola salmışdır.
Mərhumun cənazəsi Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin tamaşa salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzərində qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin adından əklil qoyulmuşdu. Mədəniyyət Nazirliyi və yaradıcı təşkilatlar adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi. Mədəniyyət, incəsənət, teatr və kino xadimləri, respublika ictimaiyyətinin nümayəndələri, mərhumun sənətinin pərəstişkarları cənazənin yanında fəxri qarovulda dayandılar, teatr rəssamlığı sənətinin görkəmli nümayəndəsinə öz ehtiramlarını bildirdilər.
Matəm mərasimini respublika Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açdı.
Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti, xalq artisti Həsənağa Turablı və mədəniyyət naziri Polad Bülbüloğlu matəm mitinqində çıxış etdilər.
Rəssamın yaxın qohumu, əməkdar rəssam Altay Hacıyev çıxış edərək, Bədurə xanımın yaradıcılığına verdiyi yüksək qiymətə, xatirəsinə göstərdiyi hörmət və ehtirama görə respublika Prezidenti Heydər Əliyevə mərhumun ailəsi adından dərin minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
X X X
Matəm mərasimi başa çatdıqdan sonra mərhumun cənazəsi Abbas Mirzə Şərifzadə adına Aktyor Evindən qaldırılaraq Fəxri Xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu. Görkəmli rəssam, qayğıkeş insan kimi işıqlı xatirəsi sənətsevərlərin qəlbində daim yaşayacaq Bədurə Əfqanlının cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!