Sovet Şükürov: Gəncləri müasir və ayıq-sayıq böyütməliyik
Bakı, 17 fevral, AZƏRTAC
Vətən müharibəsində qazanılan böyük Qələbə heç şübhəsiz ki, möhtəşəm birliyin sayəsində başa gəldi. Həmin günlərdə xalqımızın nümayiş etdirdiyi birlik heyrətamiz idi. Uşaqdan tutmuş böyüyə, cavandan tutmuş qocaya qədər hamı yumruq kimi birləşmişdi. Bu birlik Vətən uğrunda, Qarabağ naminə idi. Çox şükür ki, xalq-ordu-dövlət birliyi öz ifadəsini uzun illərdən bəri yağı tapdağında qalan torpaqlarımızın azad olunmasında tapdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Sumqayıt şəhər veteranlar təşkilatının sədri, əmək veteranı Sovet Şükürov Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışına münasibət bildirərkən deyib.
Təşkilat sədri qeyd edib ki, dövlət başçısı həmin mərasimdəki tarixi çıxışı zamanı deyib: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq - biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.
Müsahibimiz bildirib: “Doğrudan da, xalqımız bütün ölkə ərazisində öz suverenlik və bütövlüyünü təsdiq edəndən sonra dəyirmanına düşmən qüvvələrin su tökdüyü bəzi bədxahlar öz məkrli planlarını işə salaraq əldə edilən möhtəşəm qələbəni gözdən salmağa, kiçiltməyə çalışırlar. Ona görə də indiki gənclərdən ayıq-sayıq olmaq, ağı qaradan, düzü əyridən, yaxşını yamandan seçmək üçün sərraf göz, aydın beyin tələb olunur. Hesab edirəm ki, son 20-25 ildə böyüyən, tərbiyə alan gənclər milli ruhda böyüyüblər və nəyin həqiqət, nəyin uydurma olduğunu çox gözəl başa düşürlər. Biz veteran təşkilatları onların bu qənaətini, bu mövqeyini daha da əsaslandırmalı və onlara daha aydın istiqamət verməliyik.
Gənclik şəhərindəki ali tədris müəssisələrində, kolleclərdə, texniki-peşə məktəblərində, orta məktəblərdə vaxtaşırı şəhid ailəsinin üzvləri, Qarabağ və Vətən müharibəsi veteranları, qazilərlə görüşlər keçirir, onlarda vətənpərvərlik hisslərini daha da gücləndiririk. Bu görüşlərin hər biri böyük həyat məktəbi təsiri bağışlayır. Gənclər şərəfli döyüş yolu keçən veteran və qazilərin üzləşdikləri ağır sınaq günlərindən bəhs edən həyat hekayətlərinə böyük maraq və diqqətlə qulaq asır, özləri üçün lazımi nəticələr çıxarırlar. Çox mühüm məsələlərdən biri də gənclərin hərbi işin sirlərinə dərindən yiyələnmələri üçün texniki və taktiki cəhətdən hazırlıq səviyyəsinin daim yüksəldilməsi, texnoloji yeniliklərin mənimsənilməsi və tətbiq edilməsi bacarıqlarına sahib olmaqdır. Orta və ali məktəblərdə hərbi hazırlıq tədrisinin keyfiyyəti yaxşılaşdırılmalı, gənc nəslə müasir hərbi yeniliklər barədə dolğun və hərtərəfli məlumatlar verilməlidir. Tədrisin bu sahəsi ilə məşğul olanlar yetişməkdə olan nəslin hərbi texnika və döyüş texnikalarına yiyələnməsinə mühüm əhəmiyyət verməlidirlər. Əks halda biz uzun illərdən sonra yiyələndiyimiz bu böyük və geniş Vətənimizin sərhədlərinin toxunulmazlığından arxayın ola bilmərik. Ona görə də daim həmin məsələlərə diqqət yetirməli, gənc nəslin hərbi texnika və müasir döyüş silahlarının idarəetmə texnikasına yiyələnməsi qayğısına qalmalıyıq”, - deyə Sumqayıt şəhər Veteranlar Təşkilatının sədri vurğulayıb.
S. Şükürov daha sonra deyib: “Bir rus mahnısında deyilir ki, vətən sərhəd dirəklərindən başlayır. Sərhəd toxunulmazlıq rəmzidir, oradan üzü bəri nə varsa hər şey bizim üçün doğma və müqəddəsdir. Müqəddəs olanı isə qoruyarlar. Sərhədlərin qorunması vəzifəsi isə əsgər və zabitlərin üzərinə düşür. Onlara doğma yurda, ana vətənə elə müqəddəs duyğular aşılamalı, elə hisslər ötürməliyik ki, ata-babalarımızın, özlərindən əvvəlki nəslin ənənələrini nəinki yaşatsınlar, onları daha yüksək keyfiyyətə çatdırsınlar. Dövlət başçısı andiçmə mərasimində bu barədə çox konkret və aydın dedi: “Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu ciddi vəzifələrdən biri kimi qarşıya qoyuram. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”. Hesab edirəm ki, bu sözlər gənc nəslin tərbiyəsi sahəsində çalışan hər kəs üçün ciddi fəaliyyət proqramı olmalıdır”.