SOYDAŞLARIMIZ XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ EHTİRAMLA ANIRLAR
XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyində soydaşlarımızın iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir başlanmazdan öncə iştirakçılar o dəhşətli qətlam qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla andılar. Sonra Xocalı soyqırımının ildönümü ilə əlaqədar Prezident Heydər Əliyevin Azərbaycan xalqına müraciəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Xəzəryanı bölgəsinin yepiskopu Aleksandrın, Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilovun dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə, din xadimlərinə və beynəlxalq təşkilatlara müraciəti oxundu.
Səfir Hacan Hacıyev, Gürcüstan Prezidenti İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri şöbəsi müdirinin müavini İmir Məmmədli, parlamentin deputatları Azər Süleymanov, Ramiz Bəkirov, Hidayət Hüseynov, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü Valeh Hacıyev və başqaları çıxış edərək, erməni faşistlərin törətdikləri Xocalı soyqırımı barədə ətraflı məlumat verdi, Heydər Əliyev ölkədə yenidən hakimiyyətə gəldikdən sonra Xocalı, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi şəhidlərinin ailələrinə göstərilən qayğıdan, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışdılar.
Həmin gün Gürcüstanın “Sakartvelos Respublika”, “Svobodnaya Qruziya”, ingilis dilində çıxan “Corcian tayms”, “Alia”, “Dilis”, “Qafqaz press” və başqa qəzetləri Xocalı soyqırımı barədə geniş yazılar dərc etmişdir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi