Soydaşlarımızın birlik və mütəşəkkilliyinin gücləndirilməsində Həmrəylik Gününün böyük rolu var
Əmman, 30 dekabr, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil etdiyi tədbirdə səfir Sabir Ağabəyov bu bayramın tarixçəsi haqqında məlumat verib. O, Həmrəylik Gününün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib və bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu vurğulayıb. Səfir dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırıb.
S.Ağabəyov Prezident İlham Əliyev tərəfindən diaspor fəaliyyəti istiqamətində düzgün qurulmuş siyasətin artıq bütün dünyada yaşayan soydaşlarımız arasında geniş yayıldığını vurğulayıb. O, həmçinin işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində dünya azərbaycanlılarının səylərinin birləşdirilməsinin önəmini qeyd edib.
Tədbir “Müstəqilliyimiz əbədidir” filminin nümayişi ilə davam etdirilib, iştirakçılara ölkəmizin tarixini, mədəniyyətini və uğurlarını əks etdirən əyani təbliğat materialları paylanıb.
İordaniya-Azərbaycan Parlamentlərarası Dostluq Cəmiyyəti idarə heyətinin üzvləri, müxtəlif ölkələrin səfirləri, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbərləri, İordaniyanın ictimai-siyasi dairələrinin nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, səfirliyin əməkdaşlarının iştirak etdikləri tədbir ziyafətlə başla çatıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman