Soyuq havalarda xəstəliklərə tutulmamaq üçün güclü immunitetə sahib olmaq çox vacibdir
Bakı, 30 noyabr (AZƏRTAC). İmmunitetin güclü olması insanları bir çox xəstəliklərdən qoruyur. Xüsusilə soyuq havalarda qrip, zökəm və digər bu kimi xəstəliklərə tutulmamaq üçün güclü immunitetə sahib olmaq çox vacibdir.
Əksər hallarda immun sistemini qaldırmaq üçün dərman preparatlarından istifadə olunur. Preparatların qəbulu isə insan orqanizminə faydalı olduğu qədər də ziyanlıdır.
İmmuniteti möhkəmləndirməyin ən asan yolu sağlam həyat tərzidir. Mütəxəssislərin fikrincə, stressdən uzaq olmaq, düzgün qidalanmaq, zülal və yağ istifadəsinə fikir vermək, təmiz hava gəzintisinə çıxmaq, məşq etmək, zərərli vərdişləri tərgitmək insanı qış xəstəliklərindən mühafizə edir və orqanizmi möhkəmləndirir.
Bunun üçün ilk növbədə qış aylarında pomidor, xiyar, bibər kimi qışda təbii yolla yetişməyən tərəvəzlərlə qidalanma məhdudlaşdırılmalıdır. Çay və qəhvə yerinə C vitamini tərkibli cökə, adaçayı (sürvə), itburnu kimi bitki çayları içilməlidir.
Gündə 1,5-2 litr maye qəbul edilməsi, nizamlı şəkildə gimnastika ilə məşğul olmaq da immuniteti gücləndirir. Əsasən C vitamini ilə zəngin olan sitrus bitkiləri, kivi, portağal, gül kələm, ispanaq kimi meyvə və tərəvəzlərə, buxarda bişirilmiş və ya qaynadılmış qidalara üstünlük verilməlidir. Həftədə iki dəfə balıq yemək, həmçinin balıq yağı qəbul etmək də məsləhət görülür.
Soyuq aylarda sümük və diş sağlamlığı üçün lazımlı olan D vitamininə olan ehtiyacı ödəmək üçün günəşli günlərdə təmiz havada gəzmək məsləhətdir. Eyni zamanda, B qrupu vitaminləri ilə zəngin olan paxlalı bitkilərlə qidalanmaq zəruridir.
2 alma, 2 kök və 1 çuğundurun şirəsini 1 yemək qaşığı limon suyu ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl qəbul etmək immuniteti möhkəmləndirmək üçün ən təsirli vasitələrdən biridir.