“Standard Insurance” Sığorta Şirkətinə məxsus 942 ədəd inventar açıq hərraca çıxarılıb
Bakı, 19 avqust, AZƏRTAC
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləğvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus 942 ədəd inventar (elektron avadanlıqları, kondisionerlər və ofis mebelləri) açıq hərraca çıxarılıb.
“Standard Insurance” şirkətinin Ləğvetmə komissiyasından AZƏRTAC-a bildirilib ki, hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə avqustun 23-ü saat 11:00-a (növbəlik qaydasında) təyin edilib. Hərrac Bakı şəhəri, Yasamal rayonu, M.Rahim 4A ünvanında keçiriləcək. İnventarların ümumilikdə ilkin satış qiyməti 21 min 50 manat məbləğində müəyyənləşdirilib. Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 faizi, yəni 1052,50 manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə iki iş günü qalanadək hərrac sifarişçisinin hesablaşma hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları https://e-herrac.com/advertisement/dasinar-emlak/legv-prosesinde-olan-standard-insurance-sigorta-sirketinin-legvetme-komissiyasinin-sifarisi-ile-legvetmede-olan-sirkete-mexsus-942-eded-inventarlar-aciq-herraca-cixarilmisdir linkindən əldə etmək mümkündür.
Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.