Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılmasının beş ili tamam olur
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 19-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) yaradılmasının beş ili tamam olur.
Keyfiyyət infrastrukturunun tərkib hissəsi olan standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, həmçinin standartlara və digər texniki-normativ sənədlərin icrasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Ötən beş ildə sözügedən sahələrdə köklü islahatlar aparılmış, standartlaşdırma üzrə dövlət siyasəti uğurla icra edilmişdir. Bu siyasətin məntiqi davamı olaraq Prezidentin 2012-ci il 4 aprel tarixli Fərmanı ilə SMPDK-nın fəaliyyəti daha da təkmilləşdirilmiş, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Metrologiya Xidməti və Dövlət Akkreditasiya Xidməti yaradılmışdır.
Ölkəmizin normativ sənədlər üzrə dövlət fondunda hazırda 21 min 56 standart mövcuddur. Bunların 711-i dövlət standartı, 20 min 407-si isə dövlətlərarası standartlardır. Bu standartlar əsasən neft-kimya, elektrotexnika, nəqliyyat, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, tikinti materialları, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Qeyd edilən sahələrdə səmərəliliyin artırılması üçün müvafiq dövlət qurumlarının iştirakı ilə qida məhsulları, neft və neft məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm və digər sahələr üzrə texniki komitələr yaradılmışdır. Texniki tənzimləmə və standartlaşdırmanın inkişafında Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun rolu danılmazdır.
Son illər metrologiya sahəsinin inkişafında da yüksək nəticələr əldə edilmiş, SMPDK-nın tərkibində Milli Etalon Mərkəzinin yaradılmasına başlanılmışdır. Komitə yanında Dövlət Metrologiya Xidməti dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması və qorunub saxlanılmasını, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmətin nəzdində yeni yaradılan dozimetrik dövlət etalonları laboratoriyasının məqsədi isə respublikada mövcud olan dozimetrik, radiometrik, spektrometrik və rentgen diapazonunda işləyən cihazların kalibrlənməsindən ibarətdir. Daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində akkreditasiyanın rolu mühümdür. Komitə yanında Dövlət Akkreditasiya Xidməti akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyasını və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edir.
Məhsulların keyfiyyətini daim nəzarətdə saxlamaq, istehlakçıların təhlükəsiz məhsul və xidmətlərlə təminatını gücləndirmək məqsədi ilə komitə laboratoriya quruculuğuna ciddi önəm verməkdədir. SMPDK-nın nəzdində yaradılmış Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) fəaliyyəti son illərdə daha da təkmilləşdirilmiş, məhsul və malların sınaqlarının aparılması, ölçmə vasitələrinin kalibrlənməsi, ümumilikdə istehlakçı hüquqlarının qorunmasında vacib rol oynayan avadanlıqların alınması intensivləşmişdir. Bu gün əminliklə demək olar ki, Təcrübə-Sınaq Mərkəzində qurulmuş laboratoriyalar ən dəqiq nəticələri təyin etməyə imkan verən müasir avadanlıqlara və peşəkar mütəxəssislərə malikdir. Dövrümüzün ən aktual problemlərindən biri olan geni modifikasiya olunmuş məhsullarla mübarizə məqsədilə AzTEST-də GMO məhsullarının sınağı laboratoriyası da istifadəyə verilmişdir.
Məhsulların və xidmətlərin uyğunluğunun qiymətləndirilməsi məqsədilə yaradılmış “AzSERT” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkəmizdə keyfiyyət infrastrukturunun formalaşmasında yaxından iştirak edir. “AzSERT” sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq şəraitində müasir standartların müəssisələrdə tətbiqi işini sürətləndirir, hazır məhsulların uyğunluğunu qiymətləndirərək nəticələri bəyan edir, məhsulları sertifikatlaşdırır.
Azərbaycanın patent sisteminin hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə innovativ yeniliklərin tətbiqi işləri də mütəmadi olaraq təkmilləşdirilir. Bu sahədə aparılan islahatlar nəticəsində komitənin nəzdində yeni qurum - “Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent)” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. AzPatent sənaye mülkiyyəti obyektlərinə dair milli və xarici iddiaçılardan, habelə Dünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Bürosundan daxil olan iddia sənədlərinin, ekspertizasını aparır, ekspertizanın nəticəsi üzrə müvafiq qərarlar çıxarır.
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Dövlət Nəzarəti Xidməti xüsusən çörək məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, ictimai iaşə müəssisəsində xidmətin və ərzaqla təminatın keyfiyyətinin yüksəldilməsinə, habelə yeyinti məhsullarının idxalına aid edilən nəzarət tədbirlərini həyata keçirir. Vaxtaşırı aparılan monitorinqlər nəticəsində bir sıra istehsalçılar və sahibkarlar tərəfindən keyfiyyətsiz məhsulların istehsalı, yaxud respublikaya idxal olunması halları aşkarlanır və bununla bağlı komitə tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür.