Stomatoloqlar üçün dərs vəsaitlərinin təqdimatı keçirilib
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində professor Nazim Pənahov, Hənifə Musayeva və dosent Rauf Cəfərovun “Prosthodontics”, həmçinin dosent Elnur İmanov və Rauf Cəfərovun “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitlərinin təqdimatı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev oxuculara təqdim edilən kitabların stomatologiya ixtisası sahəsində olan boşluğu aradan qaldıracağını vurğulayıb. Rektor gənc həkim-stomatoloqlar, rezident və tələbələrin faydalana biləcəyi kitabların müasir tədrisin tələblərinə uyğun, nəfis şəkildə tərtibatına görə müəllifləri təbrik edib, onlara yeni elmi uğurlar arzulayıb.
Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqu Nazim Pənahov çıxışında qeyd edib ki, 21 fəsildən ibarət “Ortopedik stomatologiya: Dişlərin morfologiyası və oyma texnikası” dərsliyi 7 kitab halında rus və ingilis dili olmaqla, 2 dildə nəşr olunub. Dərslik fərqli tərzdə tərtib edilərək 728 rəsm və şəkillərlə müşayiət edilən informativlik üslubunda yazılıb. Professor kitabdakı fəsillər haqqında detalları slayd vasitəsilə təqdim edib.
Tədbirə onlayn qoşulan Azərbaycan Tibb Universitetinin Uşaq stomatologiyası kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin həmmüəllifi Elnur İmanov stomatologiyanın geniş yayılan xəstəliklərindən danışıb. O, kitabda bu sahənin ən aktual məsələlərinin yer aldığını diqqətə çatdırıb. Qeyd edib ki, 8 fəsildən ibarət olan dərs vəsaitində stomatoloji xəstəliklərin müasir müalicə və profilaktikası, hamilə qadınlar, uşaqlar və yeniyetmələrdə və yaşlılar arasında profilaktik tədbirlərin keçirilmə xüsusiyyətləri, stomatoloji müayinələrdə istifadə olunan üsullar, ağzın gigiyenası və bir çox mövzulara ətraflı izah verilib.
Naxçıvan Dövlət Universiteti Stomatologiya kafedrasının müəllimi Zaur Hüseynov və həmin kafedranın Ortopedik stomatologiya üzrə həkim-rezidenti Mehdi Qasımov çıxış edərək bildiriblər ki, kitablarda stomatoloji xəstəliklərin profilaktikasına aid müasir üsul və vəsaitlər haqqında geniş məlumatlar, dişlərin inkişafı, diş və parodontun quruluşu, dişlərin çıxması, diş formulları təfərrüatı ilə öz əksini tapıb. Vurğulanıb ki, ayrı-ayrı dişlərin morfologiyası geniş təsvir olunmaqla yanaşı, müxtəlif növ modelləşdirilən materiallardan istifadə etməklə dişlərin oyma texnikası ətraflı açıqlanıb.
Sonra təqdimatı keçirilən kitabların həmmüəllifi, Naxçıvan Dövlət Universitetinin Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov dərsliklərin rus və ingilis dilində hazırlanmasının hər iki universitetdə təhsil alan əcnəbi tələbələr üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb, kitabın nəşr olunmasında göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Tədbir iştirakçıları fikirlərini bölüşüb və müəlliflərə uğurlar arzulayıblar.
Sonda müəlliflər tələbə və müəllimlərə kitabları hədiyyə ediblər.
Qeyd edək ki, professor Nazim Pənahov universitetə səfəri çərçivəsində Tibb fakültəsinin Stomatologiya ixtisasında təhsil alan tələbələrə “Stomatologiyanın müasir problemləri” mövzusunda ustad dərsi keçib.