SÜD EMALI ZAVODUNUN MƏHSULLARI AVROPA BAZARINA ÇIXARILACAQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 11-də Lənkəran süd emalı zavodunun istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə zavoda gəldilər. Burada dövlətimizin başçısını və xanımını gül-çiçək dəstələri ilə qarşıladılar.
Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə keçən il başlanılan bu istehsal müəssisəsi 2007-ci ildə ilk dünya səviyyəli məhsulunu buraxacaqdır. Müasir standartlara uyğun tikilən və 15 çeşiddə süd məhsulları istehsal edəcək zavod “Nursüd” markası ilə tanınacaqdır. Bu müəssisənin gündəlik emal gücü 50 tondan çox olacaqdır. Ümumiyyətlə, Lənkəran rayonunda gündə 150 tondan çox süd istehsal olunur və bunu nəzərə alaraq, yeni emal müəssisəsi yaradılmışdır. Zavod mindən çox ailənin işlə təmin olunmasına imkan yaradacaqdır.
Xüsusi vurğulandı ki, “Palmali” şirkətlər qrupu tərəfindən yaradılmış, müasir avadanlıq qurulmuş zavodun məhsulları xarici bazarlara da çıxarılacaqdır. 18 milyon dollar vəsait xərclənmiş emal müəssisəsində quraşdırılan avadanlıq və texnologiya Türkiyə və Almaniyadan gətirilmişdir. Gələcəkdə müəssisə daha da genişləndiriləcəkdir.
Prezident İlham Əliyev zavodun laboratoriyası, məhsulun qəbulu, çeşidlənməsi və kompyuterlə keyfiyyətinin yoxlanılması və digər proseslərlə yaxından tanış oldu, regionlarda bu cür müasir emal müəssisələrinin yaradılmasının əhəmiyyətini vurğuladı.