SÜLEYMAN DƏMİRƏL: “HEYDƏR ƏLİYEV XƏZƏRİN NEFT YATAQLARINI DÜNYAYA AÇDI”
Dünya şöhrətli siyasətçi daha sonra demişdir: “1993-cü ildə Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. O, dərin zəkaya malik böyük dövlət xadimi idi. Məhz Heydər Əliyev Hasilatın Pay Bölgüsü Sazişi ilə Xəzərin neft ehtiyatlarını qlobal şirkətlərə açdı. Bu, çox əlamətdar bir hadisə idi və haqlı olaraq “Əsrin müqaviləsi” adlandırıldı”.
Bu müqavilə ilə yaradılmış konsorsiumda Türkiyənin TPAO şirkətinin əvvəlcə 1,75 faiz, sonradan - 1995-ci ildə daha 5 faiz paya malik olduğunu diqqətə çatdıran Süleyman Dəmirəl, ümummilli lider Heydər Əliyevin BTC boru kəməri layihəsinin gerçəkləşdirilməsi istiqamətində Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze və Türkiyə rəhbərliyi ilə apardığı danışıqların əhəmiyyətindən ətraflı bəhs etmişdir.
Çoxlarına əfsanə kimi görünən bu nəhəng layihənin reallığa çevrilməsi üçün ilk önəmli addımın 1998-ci il oktyabrın 29-da - Türkiyənin milli bayramı günü imzalanmış Ankara Bəyannaməsinin olduğunu vurğulayan Süleyman Dəmirəl, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə görüşündə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının imzaladıqları sənədi layihənin həyata keçirilməsinin başlanğıcı kimi dəyərləndirmişdir.
Müsahibədə Süleyman Dəmirəl BTC layihəsinin böyük əhəmiyyətini vurğulayaraq demişdir: “Bakı-Tbilisi-Ceyhan mühəndislik şedevri, siyasi nailiyyət və diplomatik zəfəri özündə təcəssüm etdirən bir layihədir”.