Sumqayıt Dövlət Dram Teatrı "Sevgilim Sumqayıt" tamaşasını təqdim edəcək
Sumqayıt, 21 noyabr, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı hər zaman xüsusi təqvim günlərində şəhərmiqyaslı tədbirlərə öz töhfəsini verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, şəhərin həyatında əlamətdar günlərlə bağlı sürpriz təbriklər teatr kollektivi üçün ənənəyə çevrilib. Belə ki, 2019-cu ildə Sumqayıta şəhər statusu verilməsinin 70 illiyində kollektiv bütün truppası ilə möhtəşəm tədbirlərə qatılmaqla yanaşı, yeni tamaşa da təqdim etmişdi. O vaxt tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin qələmə aldığı "Sevgilim Sumqayıt" dramı sakinlərə təqdim olunmuşdu. Baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi tamaşa alqışlarla qarşılanmışdı.
Dövlət Dram Teatrı Sumqayıta şəhər statusu verilməsinin 73 illiyinə də hazırlaşıb. Belə ki, kollektiv noyabrın 22-də şəhərin həyatında mühüm hadisələrdən birinin 73-cü ildönümü ilə bağlı "Sevgilim Sumqayıt" tamaşası ilə yenidən şəhər sakinlərinin görüşünə gəlir. Tamaşanın bədii tərtibatı Elşən Sərxanoğluna, musiqi tərtibatı isə Telman Qəniyevə məxsusdur.
İnsan taleləri kontekstində bir şəhərin inkişaf mərhələsinin açıqlandığı tamaşada tarixi sənədli faktlar və bədii mətn mükəmməl rejissor sintezi ilə təqdim ediləcək.