Sumqayıt teatrı Novruz tətili üçün maraqlı tamaşa hazırlayıb
Sumqayıt, 6 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrı əlamətdar günlərlə zəngin mart ayında repertuarına maraqlı tamaşalar əlavə edib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Mamoy kişinin yuxuları”, “Narkoman”, “20 ildən sonra”, “Zülmətdə nur”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Vicdanın hökmü” kimi səhnə əsərlərinin yer aldığı cari repertuarda Novruz bayramı da xüsusi qeyd olunacaq.
Belə ki, azyaşlı tamaşaçıların bayram ərəfəsində tətil günlərini maraqlı, şən keçirə bilməsi məqsədilə teatr bir daha Azərbaycan uşaq ədəbiyyatının banisi Abdulla Şaiqin yaradıcılığına müraciət edərək “Tıq-tıq xanım pyesini Novruz elementləri ilə fərqli çalarda hazırlayıb.
Bu gün Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşaya daxili baxış keçirilib. Səhnə əsərində obrazları istedadlı aktyorlar Şəhla Məmmədova, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov canlandırıb. Daxili baxışda alternativ bədii şura üzvləri də iştirak edib. Tamaşadan sonra şagirdlərin fikri dinlənilib. Daha sonra teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bəzi nüanslara diqqəti yönəldərək ümumilikdə tamaşanı bəyəndiyini söyləyib. Truppanın üzvləri Əməkdar artist İzaməddin Bağırov və başqaları çıxış edərək səhnə əsəri haqqında fikirlərini bölüşüb.
Qeyd edək ki, “Tıq-tıq xanım” tamaşası martın 20-dən 26-dək hər gün üç seans olmaqla saat 11:00, 13:00, 15:00-da göstəriləcək.