Sumqayıt və Bakı gəncləri “Karyera, reallıq və beyin” mövzusunda müzakirələr aparıblar
Sumqayıt, 29 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər evində “Karyera, reallıq və beyin” mövzusunda təşkil edilən təlimi “Edu Company”nin rəhbəri, tanınmış gənc təlimçi Orxan Şahbaz aparıb.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, İdarə tərəfindən təşkil olunan təlimə müxtəlif sahələri təmsil edən, Sumqayıtdan və Bakıdan 120 gənc qatılıb.
Baş İdarənin gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov dövlət gənclər siyasətinin istiqamətlərinə uyğun gənclərin təkliflərinin dəstəkləndiyini, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mütəmadi olaraq təlim, seminar-treninqlərin təşkil olunduğunu bildirib, təlimdə verilən biliklərin vacibliyini diqqətə çatdırıb.
Orxan Şahbazın keçirdiyi təlimdə bacarıqların inkişaf etdirilməsi, karyera ilə reallıqların uyğunlaşdırılması yolları, karyera qurmaqda beyinin rolu, karyera üçün təkliflər və s. mövzularda fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.