Sumqayıtda məişət tullantılarının çeşidlənməsi ilə bağlı hazırlıq işləri başa çatıb
Sumqayıt, 26 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin 2019-cu il fevralın 7-də “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşları ilə birgə Sumqayıtda pilot layihəyə start verəcək. Artıq hazırlıq işləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, bunu sosial şəbəkədə təşkil olunan canlı yayımda nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində 6 ay müddətində şəhərin bir neçə mikrorayonunda məişət tullantılarının çeşidlənməsi ilə bağlı işlər aparılacaq. Bu çeşidlənmə nəticəsində plastik və digər məişət tullantıları təkrar emal sexlərinə göndəriləcək. Bu, həm gələcəkdə Sumqayıt ərazisində məişət tullantılarının çeşidlənməsi, qablaşdırılması üçün böyük təkan olacaq, həm də tullantıların həcmi azalacaq.