Sumqayıtda “Poliqon” intellekt oyununun qalibləri mükafatlandırılıb
Sumqayıt, 7 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 12 Avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Poliqon” strateji intellekt oyunu təşkil edilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, intellektual oyunun keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclər arasında xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etmək, onlara hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması və asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.
Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatlarından ibarət 6 komanda iştirak edib.
Gərgin və maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt bölməsi, Sumqayıt Könüllü Cəmiyyəti və Sumqayıt Gənclər Klubunun komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Qalib komandalara Baş İdarənin, Sumqayıt Gənclərinin İnkişaf və Karyera Mərkəzinin kubok, diplom, medal və hədiyyələri təqdim edilib.