CƏMİYYƏT
Sumqayıtın Kotec qəsəbəsində 6 aviabomba tapılıb
Bakı, 13 mart, AZƏRTAC
Martın 12-də saat 16:27-də Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Kotec qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə su kanalının kənarına baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi əhatəyə alınıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) 6 ədəd aviabomba (TAB-7) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aviabombaların tapıldığı yerin ətrafında 300 kvadratmetrdən çox əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.