Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH
Bakı, 5 sentyabr, AZƏRTAC
Son vaxtlar tarixi binaların və tarixi əhəmiyyət daşıyan məkanların üzərində müxtəlif yazı və qrafikaların yerləşdirilməsi hallarına rast gəlinir. Bəzi gənclər xarici ölkələrdə binaların üzərində bu cür yazıların olmasını nümunə kimi qəbul edərək, analoji hərəkətləri ölkəmizdəki tarixi əhəmiyyətli binalarda da təkrarlayırlar. Adi divarın üzərinə hər hansı yazının yazılması ilə tarixi abidənin və ya tarixi əhəmiyyətli məkanın üzərinə yazı yazılması eyni məsələ deyil. Tarixi abidələrə belə müdaxilələr yolverilməzdir. Mən bir vətəndaş cəmiyyəti nümayəndəsi kimi bunu qətiyyətlə pisləyirəm. Ətrafımızdakı insanlar da bu cür hallara etirazlarını bildirirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.
O xatırladıb ki, son dönəmlərdə Nizami Kino Mərkəzinin divarı üzərində də belə yazılar olmuşdu.

“Binanın üzərində lazımsız yazıları görəndə buna ciddi etiraz edildi. Beləliklə məsələ qısa müddətdə həllini tapdı, həmin şəxslər cəzalandırıldı və yazılar təmizlənərək bina əvvəlki vəziyyətinə qaytarıldı. Təəssüf ki, indi isə Şuşanın tarixi irsinə qarşı eyni hallar təkrarlanır. Şuşaya yerli turist kimi dəfələrlə səfər etmişik. Bu şəhərin özünəməxsus ab-havası və qədim tarixi var. Bu torpaqlar uğrunda xalqımız böyük itkilər verib. Belə bir yerə qarşı bu cür hallar - hər hansı qaralamalar və ya digər müdaxilələr qəbuledilməzdir. Hesab edirəm ki, bu barədə cəmiyyətdə daha geniş maarifləndirmə aparılmalıdır. Azərbaycanın zəngin tarixi-mədəni irsi var və onun qorunması hər bir vətəndaşın borcudur. Heç kim tarixi abidələrə düşünmədən və məsuliyyətsiz yanaşaraq müdaxilə etməməlidir”, - deyə İ.Rizazadə əlavə edib.
QHT sədrinin sözlərinə görə, insan tarixi abidəyə hər hansı müdaxilə etməzdən əvvəl onun əhəmiyyətini dərk etməlidir.

“Tarixi abidəyə etinasız münasibət yolverilməzdir. Biz öz tarixi irsimizi qorumalıyıq. Vaxtilə ermənilər tərəfindən Azərbaycan ərazisindəki tarixi-mədəni abidələrin dağıdılması və məhv edilməsi nəticəsində bu gün ciddi problemlərlə üzləşirik. Buna görə də mövcud tarixi abidələrimizin qorunmasına xüsusi diqqət yetirilməlidir. Tarixi abidə öz ilkin formasında qorunub saxlanılmalıdır. Onların üzərində müxtəlif qrafikaların çəkilməsi və yazıların yazılması qətiyyən yolverilməzdir. Bununla əlaqədar əsas vəzifələrimizdən biri də bu istiqamətdə, xüsusilə gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsidir. Gənclərimizin böyük əksəriyyəti tarixi abidələrin qorunmasına həssaslıqla yanaşır. Lakin bəzən xarici nümunələrdən təsirlənərək tarixi abidələrin üzərinə yazılar yazan şəxslərə də rast gəlinir. Belə hallara cəmiyyət, xüsusilə gənclər tərəfindən də mənfi münasibət göstərilməlidir. Bu baxımdan, tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi və qanunvericilikdə bu sahə üzrə müvafiq tələblərin daha da təkmilləşdirilməsi vacibdir”, - deyə o vurğulayıb.