Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur
Bakı, 5 sentyabr, AZƏRTAC
Şuşa hər daşı, hər qayası qanla sulanmış, Zəfər tariximizin və milli kimliyimizin müqəddəs rəmzidir. Son günlərdə Şuşaya səfər edən yerli turistlərin qaya və daşların üzərinə şəhidlərimizin adlarını yazması ilə bağlı yayılan görüntülər cəmiyyətdə haqlı narazılıq və dərin təəssüf doğurub. İlk baxışdan bu emosional addım "xatirəni əbədiləşdirmək" niyyəti kimi görünə bilsə də, reallıqda mənəvi dəyərlərimizə, şəhər mədəniyyətinə və tarixi irsimizə vurulan ciddi zərərdir. Şəhidlərin xatirəsini belə təsadüfi, qeyri-peşəkar və estetik baxımdan eybəcər üsullarla "yaşatmaq" ehtiram deyil, bu, xatirənin dəyərini zədələmək və milli irsimizi korlamaqdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova deyib.
O qeyd edib ki, şəhidlərimizin müqəddəs xatirəsinə dövlət səviyyəsində hər zaman ləyaqətli münasibət göstərilir. Şəhidlərimizin adı və qəhrəmanlığı xalqımız üçün toxunulmazdır. Ölkəmizdə onların adını əbədiləşdirmək üçün dövlət tərəfindən kifayət qədər xiyabanlar, memorial komplekslər, parklar və abidələr ucaldılıb. Bu məkanlar peşəkar memarlar və heykəltaraşlar tərəfindən böyük ehtiramla layihələndirilib. Şəxsi təşəbbüslərlə daşlara, divarlara boya ilə ad yazmaq dövlətin formalaşdırdığı rəsmi xatirə mədəniyyətinə və şəhidlərin ruhuna hörmətsizlikdir.
Nəinki Şuşada, ümumiyyətlə ictimai və təbii əmlaka icazəsiz müdaxilə etmək hüquqi müstəvidə açıq-aşkar vandalizm aktıdır. Azərbaycan Qanunvericiliyinə əsasən, bu cür hərəkətlər özgənin əmlakını zədələmək və ictimai qaydanı pozmaq kimi qiymətləndirilərək pul cəriməsi və ya inzibati həbs məsuliyyəti yaradır. Dəymiş ziyan iri məbləğdə olduqda, xüsusi mülkiyyətə və ya tarixi abidələrə ciddi zərər vurulduqda isə məsələ cinayət məsuliyyəti müstəvisinə keçir və azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bir qədər əvvəl Nizami Kino Mərkəzinin binasında və digər tarixi obyektlərdə törədilmiş oxşar hallar xatırlanmalıdır. Həmin şəxslər barəsində operativ hüquqi tədbirlər görüldü və əməl ictimaiyyət tərəfindən qətiyyətlə pislənildi. Qanun qarşısında hər kəs bərabərdir və ictimai mülkiyyətə zərər vurmağın hüquqi məsuliyyəti qaçılmazdır.

“Avropa şəhərlərinin acı təcrübəsi və bərpa xərcləri də bu məsələnin nə qədər ciddi olduğunu sübut edir. Qraffiti və fərdi yazılarla binaların, abidələrin korlanması bu gün Avropa ölkələrində böyük problemə çevrilib. İtaliya, Fransa və İspaniyanın tarixi mərkəzlərində bu cür hərəkətlərin nəticələrini təmizləmək üçün hər il dövlət büdcəsindən milyonlarla avro vəsait xərclənir. Qeyri-peşəkar təmizləmə cəhdləri isə tarixi daşların səthini daha da sıradan çıxarır və bərpa olunmaz fəsadlar yaradır.
Xüsusilə Dövlət Tarix-Memarlıq Qoruğu olan və "Şuşa şəhəri haqqında" Xüsusi Qanunla qorunan Şuşada belə müdaxilələr hüquqi baxımdan daha sərt cəzalandırılır. Qanunvericiliyə görə, təqsirkar tərəf təyin olunan inzibati və ya cinayət cəzası ilə yanaşı, obyektin kimyəvi təmizlənməsi və bərpası üçün tələb olunan bütün maddi ziyanı da tam şəkildə ödeməlidir. Daşlardan və qayalardan boya izlərini silmək əlavə vaxt, böyük maliyyə resursu və xüsusi bərpaçı əməyi tələb edir. Bu resurslar Qarabağda aparılan genişqrafikli bərpa və quruculuq işlərinə yönəldilməli olduğu halda, ehtiyatsızlıqdan yaranan fəsadların aradan qaldırılmasına sərf olunmamalıdır.
İctimai əmlaka, tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur. Şuşaya səfər edən hər bir şəxs dərk etməlidir ki, şəhər mədəniyyəti və ictimai dəyərlərə hörmət elə vətənpərvərliyin ən birinci göstəricisidir. Cəmiyyət belə hallara qarşı sıfır dözümlülük nümayiş etdirməli, aidiyyəti qurumlar isə profilaktik maarifləndirməni və hüquqi tədbirləri daha da gücləndirməlidir”,- deyə Gülşən Axundova vurğulayıb.