Sumqayıtın “Yaşma bağları” ərazisində ovdan aşkarlanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Bu yaxınlarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən Sumqayıtın “Yaşma bağları” ərazisində ovdan aşkarlanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Regional İdarənin rəisi Sabit Qurbanov bildirib ki, ovdan uzun illər istifadə olunub və orta əsrlərə aid olduğu ehtimal edilir: “Araşdırmalarımız nəticəsində bu ərazidə ovdan aşkarladıq. Eynilə bu ovdandan Xızı rayonunun Şurabad qəsəbəsində də var. Lakin “Yaşma bağlarında” yerləşən ovdanın özəlliyi onun üzərində Qobustan, Səngəçal, Hacıqəbul, Siyəzən və Şamaxı ərazilərində tapılan bəzi türk tayfa damğaları həkk olunmasıdır. Bu ovdanın üzərində 24 Oğuz boyundan biri olan Salur tayfasının damğası var. Bununla yanaşı, ovdanın üzərində insan fiquruna oxşayan damğa da aşkarlanıb. Bu damğalar noğayların istifadə etdiyi tayfa damğasıdır. Ümumiyyətlə, abidənin üzərində altıyadək damğa mövcuddur. Buradakı damğalar Şimali Qafqazda tapılan damğalarla 70 faizə yaxın uyğunluq təşkil edir”.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı Minayə Feyzullayeva isə qeyd edib ki, ərazidə ovdanın mövcudluğu onun yaxınlığında yaşayış məntəqəsinin olmasından, eləcə də, vaxtilə burada karvansaranın mövcudluğundan xəbər verir: “Ovdanın ətrafından saxsı fraqmentlərin tapılması, qədim daşların mövcud olması ərazinin karvan yolu üzərində yerləşdiyini deməyə əsas verir. Böyük ehtimalla burada karvansara olub və gecələyənlər ovdandan istifadə ediblər”.