SUMQAYITLILAR XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD ETDİLƏR
Fevralın 26-da, Xocalı soyqırımı günü Sumqayıtın, şəhər bələdiyyəsinin, sənaye müəssisələrinin, idarələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək, əbədi məşəlin önünə əklil qoymuşlar. Mərasim iştirakçıları Vətənin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarını qurban vermiş cəsur övladlarımızın məzarları üstünə tər qərənfillər düzdülər. Şəhidlərin ruhuna dualar oxundu.
Sonra dinc əhaliyə divan tutmuş erməni cəlladlarının əlindən möcüzə nəticəsində yaxa qurtarıb Xocalıdan Sumqayıta pənah gətirmiş məcburi köçkünlərin ailə üzvləri ilə görüş oldu.
Şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov köçkünlər qarşısında çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalının dinc sakinlərinin - günahsız uşaqların, qadınların, qocaların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqına qarşı əsl soyqırımı faktıdır. Azərbaycan Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar müraciəti erməni terrorçularının amansızlığına, qəddarlığına, vəhşiliyinə görə bəşəriyyət tarixində analoqu olmayan məkrli siyasətinin bütün spektrini açıq-aydın əks etdirir. T.Məmmədov xüsusi vurğuladı ki, gələcəkdə belə faciələrin baş verə bilməsinin qarşısını almaq üçün bütün Azərbaycan xalqının görkəmli oğlu, dövlətimizin rəhbəri Heydər Əliyevin ətrafında sıx birləşməlidir, çünki yalnız onun müdrikliyi, uzaqgörənliyi, təcrübəsi və beynəlxalq siyasi aləmdəki nüfuzu Azərbaycanda sabitliyin və bütün problemlərin həll edilməsinin təminatı ola bilər.