SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİ DAİRƏ SEÇKİ KOMİSSİYASI ÜÇÜN YENİ İNZİBATİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 20-də 31 saylı Suraxanı ikinci seçki dairəsi dairə seçki komissiyasının yeni inzibati binası istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi 1993-cü ildən bəri Azərbaycanda demokratik, sivil dövlət quruculuğu istiqamətində görülmüş işləri xatırlatmış, hazırda bu fəaliyyətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. O demişdir ki, artıq Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 30 saylı 1-ci və Əmircan qəsəbəsindəki 32 saylı 3-cü seçki dairələri dairə seçki komissiyaları üçün tikilmiş iki yeni inzibati bina istifadəyə verilmişdir. Yeni istifadəyə verilən 31 saylı Suraxanı 2-ci seçki dairəsi dairə seçki komissiyası binasının ümumi sahəsi 340 kvadratmetrdir. Binada 7 iş otağı və 5 köməkçi otaq vardır. Burada dairə seçki komissiyası üzvlərinin normal işləmələri üçün hər cür şərait yaradılmışdır.
Mərasimdə çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qeyd etmişdir ki, demokratik cəmiyyəti, əsasən, demokratik seçkilər xarakterizə edir. Azərbaycanın zəngin seçki təcrübəsi vardır. 1995-ci ildən başlayaraq keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri və referendum bunu təsdiq edir. Ölkəmizdə seçkilərin keçirilməsi qadaları ildən-ilə təkmilləşdirilir, bu siyasi prosesin şəffaflığı təmin olunur.
Natiq dövlətimizin başçısı İlham Əliyevin göstərişinə əsasən aparılmış monitorinqdən sonra dairə seçki komissiyaları üçün xüsusi binaların inşasına başlandığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, ölkə üzrə 125 seçki dairəsinin çoxu yeni, hər cür şəraiti olan inzibati binalarla təmin olunmuşdur.
M.Pənahov növbəti seçkilər üçün həm hüquqi, həm də maddi-texniki bazanın yaradıldığını vurğulamış, seçki qanunvericiliyinin tam təkmilləşdirildiyini bildirmişdir.
Tədbirdə çıxış edən digər natiqlər dairə seçki komissiyasının üzvlərini, bu dairənin əhatə etdiyi ərazidə yaşayan seçiciləri təbrik etmiş, onları bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində də ən layiqli namizədə səs verməyə çağırmışlar.
MSK sədri Məzahir Pənahov və rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov açılışı bildirən qırmızı lenti kəsdikdən sonra yeni binaya baxış olmuşdur.