SURAXANIDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ MƏRASİM KEÇİRİLMİŞDİR
Əvvəlcə mərasim iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, dünya miqyaslı dövlət xadiminin əziz xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil və gül-çiçək dəstələri qoymuşlar.
Mədəniyyət sarayının foyesində ulu öndərin zəngin fəaliyyəti, eləcə də Suraxanı rayonunun müəssisələrində, zəhmətkeşlərlə keçirdiyi görüşlərlə bağlı fotostendlər diqqəti cəlb edirdi.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Ağacan Abiyev və Əhməd Vəliyev, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, rayon veteranlar şurasının sədri Məmmədseyid Əsgərov çıxış edərək bildirmişlər ki, Azərbaycanın ən yeni tarixinin 34 illik inkişafı, dünyaya inteqrasiyası ulu rəhbərimizin adı ilə bağlıdır. Biz ümummilli liderimizin qurub-yaratdığı müstəqil Azərbaycan dövlətinin azad vətəndaşı olmağımızdan qürur duyuruq. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini ölkəmizin xoşbəxt gələcəyinə, yüksəlişinə həsr etmişdir. Odur ki, Heydər Əliyevin adı qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Çıxış edənlər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, onun xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən söz açmış, yürütdüyü məqsədyönlü daxili və xarici siyasətin nəticəsi olan bugünkü inkişafdan danışmış, ulu rəhbər ilə bağlı xatirələrini söyləmişdir. Natiqlər müstəqil Azərbaycan dövlətinin sükanının etibarlı əllərdə olduğunu qeyd etmiş, xalqımızı Prezident İlham Əliyev ətrafında daha sıx birləşməyə çağırmışlar.
Mərasimdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kinokadrlar, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya göstərilmişdir.