Şuşanın virtual təbliği layihəsi təqdim edilib
Bakı, 16 dekabr, AZƏRTAC
“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şuşa İli” müsabiqəsi çərçivəsində "Şuşanın virtual təbliği" layihəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində musiqişünas, araşdırmaçı alim Firidun Şuşinskinin “Şuşa” kitabı əsasında "Söhbət Şuşadan gedir" sənədli filmi, “Bülbülün ev muzeyi” və “Duyğuların palitrası” adlı sənədli filmlər çəkilib, “shushainfo.com” saytı hazırlanıb. Saytda Şuşanın tarixi, mədəniyyəti, tanınmış şəxsiyyətləri, şəhidləri, virtual muzeyi, virtual kitabxanası, iqtisadiyyatı, turizmi, fotoqalereyası, Şuşa ilə bağlı videolar və sənədli filmlər öz əksini tapıb. Bundan başqa saytda müxtəlif istiqamətlərdə gündəlik xəbərlər verilir.
Şuşa Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə dekabrın 15-də Şuşa Dövlət Musiqili Dram Teatrında Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin "Şuşanın virtual təbliği" layihəsi çərçivəsində hazırlanan sənədli filmlərin və “shushainfo.com” saytının təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədi Anar Xəlilov, sənədli filmlərin rejissoru Vüqar Əlisoy, “shushainfo.com” saytının proqramçısı isə Xaqan Məhərrəmovdur.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şuşa və Binəqədi rayon təşkilatlarının, QHT nümayəndələri, ictimai xadimlər və Şuşa rayonundan olan şəhid ailələri, qazilər, Şuşa sakinləri və KİV təmsilçiləri iştirak ediblər.
“Shushainfo.com” saytının və "Söhbət Şuşadan gedir" sənədli filminin təqdimatından sonra tədbir iştirakçıları çıxış edərək təqdimatla bağlı öz fikirlərini bildiriblər.
Tədbir “Duyğuların palitrası” adlı sənədli filminin təqdimatı ilə başa çatıb.