TAC-MAHAL “DÜNYANIN YEDDİ YENİMÖCÜZƏSİ”NDƏN BİRİ ADLANMAQ HÜQUQU UĞRUNDA YARIŞACAQ
Qlobal aksiya təşkilatçılarının fikrincə, bu, ta qədimdən məlum olan dünyanın 7 möcüzəsi siyahısını ən müasir texnologiyaların köməyi və maksimum demokratik əsasda dirçəltmək imkanı verəcəkdir. Seçimdə iştirak etmək istəyənlər internet, yaxud SMS vasitəsilə səs verə bilərlər.
İlkin seçim zamanı 21 abidə finala çıxmış, onların da arasından 7 əsas namizəd seçilmişdır. Yeri gəlmişkən, rəqibləri Böyük Çin səddi, Nyu-Yorkdakı Azadlıq abidəsi, Parisdəki Eyfel qülləsi, İordaniyadakı Petra şəhəri, Moskvadakı Vasili Blajennı kilsəsi və Roma Kolizeyi olan Tac-Mahalın ehtiyatda 17 milyondan çox səsi var. Müsabiqənin yekunları gələn il iyulun 7-də Lissabonda keçiriləcək təntənəli mərasimdə elan olunacaqdır. O vaxtadək səsvermə davam etdiriləcəkdir.
Yeri gəlmişkən, Tac-Mahalın bu siyahıya daxil olmaq imkanları çox yüksəkdir. Moğol hökmdarı Cahan şahın çox sevdiyi, lakin vaxtsız itirdiyi zövcəsi Mümtaz Mahal Banu Bəyimin qəbri üstündə tikdirdiyi türbə son illər əsaslı bərpa olunmuşdur. Camna çayının sahilində yerləşən türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi inşa etmiş, kitabə və bəzək işlərini Şiraz, Lahor, Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları görmüşlər. Cahan şahın özü də sonralar bu türbədə dəfn olunmuşdur.