Tahir Budaqov: Heydər Əliyevin nüfuzu YAP-ın ardıcıl nailiyyətlər qazanmasını təmin edib
Bakı, 3 mart, AZƏRTAC
Sirr deyil ki, SSRİ-nin dağılması ilə əlaqədar respublika səviyyəsində də baş verən hadisələr Azərbaycanın olduqca mürəkkəb vəziyyətlə qarşılaşmasına səbəb olmuşdu. 1980-ci illərin sonundan başlayaraq respublikamızda hökm sürən ictimai-siyasi böhran, iqtisadi tənəzzül, vətəndaş qarşıdurması müstəqilliyin bərpasından sonra daha da şiddətlənmiş, müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Belə bir şəraitdə ölkənin xaos və böhrandan xilas olması, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi üçün, ilk növbədə, güclü siyasi liderə ehtiyac var idi.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov martın 3-də "Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda keçirilən konfransda söyləyib.
Tahir Budaqov deyib: “Xalq ümidini zəngin dövlətçilik təcrübəsinə malik olan, fəaliyyətinin bütün dövrlərində Vətənin ali mənafeyini və milli maraqları rəhbər tutan dahi şəxsiyyət Heydər Əliyevə bağlamışdı. 1992-ci il noyabrın 21-də xalqın iradəsi ilə alternativsiz lider ətrafında Yeni Azərbaycan Partiyasının təsis edilməsi xalqımızın milli məqsədlər ətrafında təşkilatlanmasını, siyasi-ideoloji boşluqların aradan qaldırılmasını təmin edən, dövlətimizin siyasi taleyini, gələcək yolunu - perspektivlərini müəyyənləşdirən çox mühüm və əlamətdar hadisə, müasir dövlətçilik tariximizin həlledici dönüş nöqtəsi oldu. Bu, eyni zamanda, siyasi sistemin təməlinin yaradılması və müstəqil dövlət quruculuğuna doğru önəmli addım idi”.
O qeyd edib ki, qısa müddət ərzində milli maraqlara əsaslanan məqsədyönlü fəaliyyəti ilə Yeni Azərbaycan Partiyası xalqın dəstəyi, Heydər Əliyevin sarsılmaz iradəsi və uğurlu siyasəti nəticəsində dövlətin siyasi sütununa çevrilib.