Taksi sürücüləri üçün test imtahanı keçirilib
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı və Gəncə şəhərlərində növbəti test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1679 nəfər qeydiyyatdan keçib. Onlardan 1596-sı imtahana gəlib. İmtahanda 1345 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahanda sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılıblar və onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası noyabrın 14-də və 17-də saat 14:00-dan 17:00-dək DİM-in elektron imtahanlar korpusunda (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) fəaliyyət göstərəcək.