“Taliban” hərəkatı Əfqanıstanın Nimroz əyalətinin administrativ mərkəzinə daxil olub
Bakı, 6 avqust, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanın cənub-qərbində yerləşən Nimroz əyalətinin administrativ mərkəzi Zaranc şəhərinə daxil olub.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, şəhərin böyük hissəsinə artıq taliblər nəzarət edir. İranın Sistan və Belucistan əyalətlərinə gedən yol Zaranc şəhərindən keçir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqlarında hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstandan çıxarılması fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.