Taliblər Əfqanıstanın sabiq rəhbərləri ilə danışıqlara başlayıb
Bakı, 18 avqust, AZƏRTAC
“Taliban” hərəkatının Kabildəki siyasi ofisinin üzvü Anas Hakkani və onu müşayiət edən şəxslər çərşənbə günü Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai (2004-2014-cü illər), barışıq üzrə Ali Şuranın sabiq sədri Abdulla Abdulla və senatın eks-spikeri Fazal Hadi Müslimyar ilə ayrı-ayrılıqda görüşüblər.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli mənbələr sosial şəbəkələrdə məlumat yayıb, hətta bu görüşlərdən fotolar dərc ediblər.
Danışıqların detalları açıqlanmır. Nə taliblər, nə də görüşlərin digər iştirakçıları baş verənləri hələlik şərh etmirlər.
Bu ərəfədə hərəkatın mətbuat katibi Zabiullah Mücahid bəyan edib ki, taliblər onların opponentlərinin də yer aldığı hökumət qurulmasına tərəfdardır. “Biz bu hökumətdə hamının, hətta bizimlə ziddiyyətləri olanların da birləşməsinə çalışırıq”, -deyə Mücahid bildirib.
Taliblərlə müharibə vəziyyətində olan, indi isə ölkəni tərk edən siyasətçilərin, o cümlədən marşal Rəşid Dustumun taleyinin neçə olacağı barədə sualı cavablandıran Mücahid deyib: “Biz onların xaricdə olmasını istəmirik. Bu, onların da ölkəsidir, Əfqanıstan bizim ümumi evimizdir, bizim ümumi dəyərlərimiz, ümumi ölkəmiz, vahid dinimiz, vahid millətimiz var”. Taliblər Əfqanıstanın bütün ərazisini nəzarətə alıb və avqustun 15-də paytaxt Kabilə giriblər. Prezident Əşrəf Qani və yüksəkvəzifəli məmurlar ölkədən qaçıblar.