Tarix Muzeyində Xalq artisti Sidqi Ruhullaya məxsus kolleksiya qorunur
Bakı, 10 aprel, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində SSRİ Xalq artisti Sidqi Ruhullaya məxsus kolleksiya saxlanılır.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Sidqi Ruhullanın kolleksiyası 1964-cü ildə ailəsi tərəfindən muzeyə təqdim olunub. Kolleksiyaya bunlar daxildir: S.Ruhullanın 1916-cı ildə səhnələşdirilən Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” pyesində baş rolu ifa edərkən istifadə etdiyi səhnə tacı. Düzbucaqlı bürünc lövhəyə bərkidilmiş rezin lövhəcik üzərində qabarıq hərflərlə rus dilində “Müsəlman aktyoru Sidqi Ruhulla” yazısı olan möhür. Səkkizgüşəli mis lövhəcik üzərində qabarıq hərflərlə ərəb əlifbası ilə “Sidqi Ruhulla” yazılan möhür. Aktyorun 1930-cu illərə aid fotoşəkli, Məhəmməd Cəfər Cəfərovun “Sidqi Ruhulla” kitabı.
Sidqi Ruhulla yaradıcılığı bu gün də teatr sənəti sahəsində çalışan gənclərimiz üçün böyük bir məktəbdir, daim tədqiq və təbliğ edilməlidir.