Tarixi Zəfərimizin sevinci Şimali Kiprdə də böyük məhəbbətlə qeyd edilib
Ankara, 7 noyabr, AZƏRTAC
Böyük Qələbənin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətində təntənəli mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Zəfər Günü bütün türk dünyasının ortaq bayramı olaraq Şimali Kiprdə də Azərbaycansevərləri bir araya gətirib.
Şimali Kiprin Girme şəhərində Azərbaycan - Kipr Dostluq Cəmiyyəti (AKDC) tərəfindən təşkil edilən tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, millət vəkilləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Prezident Ersin Tatar çıxışında qeyd edib ki, Azərbaycanın 44 günlük müharibədəki tarixi Zəfəri Şimali Kipr türkləri tərəfindən də böyük sevinc və qürurla qarşılanıb.
AKDC-nin sədri Orxan Həsənoğlu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun tarixi Qələbəsi, bu rəşadətin qazanılmasında Azərbaycan xalqının mütəşəkkilliyi barədə müfəssəl məlumat verib.
Gecə musiqili bədii proqramla davam edib, Zəfəri tərənnüm edən şeirlər və mahnılar səsləndirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara