CƏMİYYƏT
“Tarixin şifrəsi – gənclərin axtarışında” adlı yeni layihəyə qeydiyyat başlayıb
Bakı, 8 fevral, AZƏRTAC
Ölkəmizin tarixinin, mədəniyyətinin dərindən öyrənilməsi və gənclərin intellektual biliklərinin artırılması məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən, XIII qrant müsabiqəsinin mədəni-tarixi abidələrin gənclər arasında təbliği istiqamətində qalib olan “Tarixin şifrəsi - gənclərin axtarışında” adlı layihə çərçivəsində respublikamızın müxtəlif bölgələrində yaşayan gənclər bir araya gələcəklər.
AZƏRTAC xəbər verir ki, onlar gənclərarası intellektual yarışmada iştirak etmək üçün ölkəmizin mədəni-tarixi abidələri ilə zəngin olan Şəki şəhərinə səfər edəcək və tarixi məkanlarla tanış olub yarışmada biliklərini sınayacaqlar.
Layihə iştirakçıları birinci mərhələdə Şəkinin müxtəlif tarixi məkanlarına səfər edəcək, şəhərin yaşlı sakinləri tərəfindən açıq havada təşkil olunacaq seminarda buranın tarixi haqqında daha çox məlumat alacaq, həmçinin UNESKO-un siyahısına daxil edilmiş tarixi abidələrimizlə yaxından tanış olacaqlar.
Layihədə gənclər növbəti mərhələdə komandalara bölünərək intellektual yarışa qoşulacaqlar. Belə ki, ölkəmizin müxtəlif bölgələrindən, ümumilikdə, 40-dan artıq gəncin Şəkidə keçiriləcək layihəyə qoşulması planlaşdırılır.
Gənclər intellektual yarışmada verilən məntiqi sualların cavabını axtaracaq, ekskursiya zamanı əldə etdikləri məlumatlarla mərhələləri keçəcək və şifrələri taparaq yarışı başa vuracaqlar. Müəyyən olunmuş “tarixin şifrəsi”ni daha tez və düzgün tapan komanda qalib elan olunacaq.
Layihədə iştirak etmək hüququ qazanmış bütün gənclər sertifikatla, qalib komanda isə müxtəlif qiymətli hədiyyələrlə təltif olunacaq.
Gənclər Şəkidə intellektual yarış sayəsində həm ekskursiyalar zamanı öyrəndiklərini dərindən dərk edəcək, həm də intellektual səviyyələrinin, zehni inkişaflarının yüksəlməsinə nail olacaqlar.
Layihədə iştirak etmək üçün www.tarixinshifresi.com saytına daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Müraciəti tələblərə uyğun olan gənclər müsahibə mərhələsinə dəvət ediləcəklər.
Qeydiyyat üçün son tarix 25 fevraldır.