TASİM layihəsi Cenevrədə beynəlxalq ictimaiyyətə təqdim olunacaq
Bakı, 20 may, AZƏRTAC
Mayın 25-də İsveçrənin Cenevrə şəhərində rabitənin inkişafı ilə bağlı keçiriləcək beynəlxalq tədbirdə Azərbaycanın “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi təqdim olunacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazilriyindən AZƏRTAC-a bildirlib ki, “İKT nailiyyətləri - sosial və iqtisadi inkişaf üçün daha yaxşı rabitənin qurulması” mövzusunda keçiriləcək konfransa dünyanın bir çox ölkəsinin beynəlxalq layihəsi dəvət olunub.
Tədbirdə TASİM layihəsinin direktoru Zaur Həsənov geniş təqdimatla çıxış edəcək. O, layihə çərçivəsində görülən işlərdən, hazırkı durumdan və qarşıda duran vəzifələrdən bəhs etməklə yanaşı, “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın region ölkələrinə və internetin, rabitənin genişlənməsinə verəcəyi töhfələrdən söz açacaq.
Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihədə Frankfurtdan Honkonqa istiqamətlənən əsas tranzit xəttinin qurulması nəzərdə tutulur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək.
Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Almaniyaya qədər uzanacaq. Ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.