TATARISTAN NƏQLİYYATÇILARI AZƏRBAYCANLI HƏMKARLARININ TƏCRÜBƏSİNİ ÖYRƏNMƏKDƏ MARAQLIDIRLAR
AZƏRTAC xəbər verir ki, bu günlərdə Azərbaycan Nəqliyyat Nazirliyində Rusiya Federasiyası Tatarıstan Respublikasının yol-nəqliyyat kompleksinin nümayəndələri ilə görüş keçirilmişdir.
Tatarıstanın nəqliyyat və yol təsərrüfatı naziri İldus Fasxutdinovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə “Qlavtatdortrans” Baş İdarəsinin, “Kazan”, “Trans-most”, “Stroyinjinirinq” birliklərinin, “Taşnvestqrajdanproyekt”in rəhbərləri, həmçinin Kazan şəhər Bələdiyyəsi İcraiyyə Komitəsi sədrinin müavini və Kazan şəhərinin Şəhərsalma və Arxitektura Baş İdarəsinin rəisi daxil idi.
Qonaqları salamlayan nəqliyyat naziri Ziya Məmmədov son dövrlər Azərbaycanın yol-nəqliyyat strukturunda aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən danışmışdır. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulamışdır.
İldus Fasxutdinov nəqliyyat-yol kompleksindəki inkişaf baxımından Azərbaycanın xeyli irəli getdiyini bildirmiş, xüsusilə son dövrlərdə yol tikintisi, körpülərin salınması, yol ötürücüləri və qovşaqların inşa edilməsi sahəsində ölkəmizin təcrübəsinin artıq qonşu dövlətlərin də diqqətini cəlb etdiyini bildirmişdir.
Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmış, Tatarıstanla Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinə dair razılıq əldə edilmişdir.