Tbilisidə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilmişdir
Tbilisi, 10 may (AZƏRTAC). Tbilisidə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbirlər ümummilli liderimizin Gürcüstan paytaxtındakı abidəsinin ziyarəti ilə başlanmışdır. Gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı iş adamları və Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva ulu öndərin abidəsi önünə əklillər qoymuşlar.
Sonra tədbir Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) Tbilisidəki ofisində davam etdirilmişdir.
Kvemo-Kartli-Borçalı bölgəsi qubernatorunun müavini, GAK-ın sədri Hüseyn Yusifov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir. H.Yusifov demişdir ki, Heydər Əliyev Azərbaycan-Gürcüstan dostluğunun daha da dərinləşdirilməsində, bölgədə sülhün və sabitliyin təmin olunmasında əvəzsiz xidməti olan şəxsiyyətdir. GAK sədri vurğulamışdır ki, məhz Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində əsrin qlobal layihələri reallığa çevrilmiş, Gürcüstan azərbaycanlılarının durumunun yaxşılaşdırılmasına xüsusi töhfə olmuşdur. Dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlılar ulu öndər Heydər Əliyevin xatirəsini həmişə əziz tuturlar. Bu günlər Gürcüstanda gürcü ictimaiyyətinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirlər dediklərimizin sübutudur. Heydər Əliyev Azərbaycanın həm daxili, həm də xarici siyasətində qlobal dönüşə nail olmuş dahi siyasətçidir. Onun siyasi kursunu bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.
Gürcüstanın diasporlarla iş üzrə dövlət nazirinin müavini İrakli Nadiradze Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Gürcüstan dostluğunun getdikcə geniş vüsət almasından məmnunluq duyduğunu bildirmişdir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayevə, Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqaları Qafqazın geosiyasi durumunda əvəzsiz xidmətlər göstərmiş Heydər Əliyevin xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulamışlar.
X X X
Azərbaycanlıların Tbilisidə fəaliyyət göstərən “Varlıq” mədəniyyət mərkəzində ulu öndərin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş tədbiri mərkəzin rəhbəri, şair Rafiq Hümmət açmış, Heydər Əliyevin Gürcüstana və bu ölkədə yaşayan azərbaycanlılara qayğı və diqqətindən danışmışdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Şövqi Mehdizadə ulu öndərin Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərindən, ölkənin təhlükəli anlarında hakimiyyətə qayıdaraq Azərbaycanı xilas etdiyindən danışmışdır.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi Elbrus Orucov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşı Arif Əliyev, şair Xudaverdi Qasımlı və başqaları Heydər Əliyev dühasının daim xatirələrdə yaşayacağını qeyd etmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi