Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın uğurlarından danışılıb
Tbilisi, 3 may, AZƏRTAC
Tbilisidə Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Gürcüstan Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə “Üçtərəfli sosial dialoqun möhkəmləndirilməsi və əməyin beynəlxalq standartlarının təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda sosial dialoq və beynəlxalq əmək normalarının üçtərəfli əməkdaşlıqdakı rolu və digər məsələlər müzakirə olunur.
Tədbirdə Azərbaycan, Ukrayna, Ermənistan və Özbəkistanın həmkarlar təşkilatlarının nümayəndələri iştirak ediblər.
Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili çıxış edərək ölkəsində əmək normaları, işçilərin hüquqlarının müdafiəsi, işəgötürənlərlə işçilər arasında yaranan problemlərin həlli yolları, sosial bərabərsizlik və yoxsulluq barədə danışıb. Bildirib ki, üçtərəfli dialoq əsasında işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə yanaşı, sosial müdafiə, gender bərabərliyi və digər sahələrdə də müsbət dəyişikliklərə nail olmaq mümkündür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov tədbirdə çıxış edərək Azərbaycanda sosial sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, Azərbaycanda qəbul olunmuş mütərəqqi qanunlar, qanunvericilik aktlarının beynəlxalq konvensiyalara uyğunlaşdırılması, işçilərin hüquqlarının, əmək təhlükəsizliyinin qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi sahəsində mühüm nailiyyətlər əldə olunmasına imkan yaradılıb. Azərbaycanın sosial tərəfdaşlıq sahəsində təcrübəsi beynəlxalq qurumlar tərəfindən model təcrübə kimi qiymətləndirilib və keçmiş sovet respublikalarının həmkarlar təşkilatları arasında yayılıb.
AHİK rəsmisi Tbilisidə keçirilən konfransın hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında dialoqun daha da gücləndirilməsi və inkişaf etdirilməsi ilə bağlı təcrübə mübadiləsi baxımından vacib olduğunu vurğulayıb.
Konfrans mayın 4-də işini davam etdirəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi