TBİLİSİDƏ “QLOBALLAŞMA VƏ SİVİLİZASİYALARIN DİALOQU” BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Konfransda çıxış edən Gürcüstan Prezidenti Mixail Saakaşvili müzakirə olunan mövzunun aktuallığını xüsusi vurğulamış, ölkəsinin münaqişələrin sülh yolu ilə tənzimlənməsinin, millətlər arasında əmin-amanlığın, dünyada sülhün tərəfdarı olduğunu, gürcü xalqının tolerantlığından məmnunluq duyduğunu bildirmişdir. O, sentyabrın 29-da Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşünü konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.
Gürcüstanın katolikos-patriarxi II İlia, YUNESKO-nun Moskva şöbəsi milli proqramının mədəniyyət məsələləri üzrə rəhbəri Liubava Morevs, Gürcüstan xarici işlər naziri Salome Zurabişvili, konfransın təşkilat komitəsinin həmsədri, Qara Dəniz Beynəlxalq Universiteti Müşahidəçilər Şurasının sədri Məsud Bozkır, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və başqaları konfransda çıxış etmişlər.
Şeyxülislam konfrans iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin xoş arzularını çatdırmışdır. O demişdir ki, patriarxla biz bölgəmizdə sülhün, millətlərarası, dinlərarası əməkdaşlığın, mehriban qonşuluğun, separatçılıq və təcavüzkarlıq siyasətindən imtina edilməsinin Qafqazın xoşbəxt gələcəyinə yeganə yol olması barədə yekdil fikirdəyik. Ancaq planetin müxtəlif guşələrində, o cümlədən Qafqazda münaqişələr davam edir, günahsız qanlar axıdılır, dözümsüzlük, amansızlıq bir çox adamların qəlbinə hakim kəsilmişdir. Təəssüf ki, rifah və tərəqqi deyil, terrorçuluq və zorakılıq XXI əsrin fərqləndirici əlamətinə çevrilmişdir. Ən dəhşətlisi odur ki, bir çoxları buna qloballaşma dövründə sivilizasiyaların və dinlərin qarşıdurmasından irəli gələn labüd hadisə kimi baxırlar. Biz, din xadimləri bütün xeyirxah adamlarla səylərimizi birləşdirərək, Ulu Yaradanın müqəddəs töhfəsi olan insan həyatını qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışırıq”.
Konfrans oktyabrın 1-də başa çatacaqdır.