Tbilisidə Xocalı şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 25 fevral (AZƏRTAC). Tbilisidə Dini Mədəniyyət Mərkəzində Xocalı soyqırımında həlak olanların xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Xocalı faciəsini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxışında Xocalı soyqırımının dünya tarixində ən dəhşətli faciələrdən olduğunu vurğulayaraq bildirmişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yüz minlərlə qaçqın ağır şəraitdə yaşamaqdadır. L.Əliyeva vurğulamışdır ki, Gürcüstandakı soydaşlarımız, QHT-lərin rəhbərləri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində daha fəal olmalıdırlar.
Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəsi axund Əli Əliyev Azərbaycan xalqının başına gətirilən bəlalardan danışaraq düşmənə qarşı birgə mübarizənin aparılmasının vacib olduğunu qeyd etmişdir. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bildirmişdir ki, Xocalı soyqırımı hər il daha mütəşəkkil anılmalı, Gürcüstanda yaşayan azərbaycanlı fəallar, QHT-lər bu prosesin önündə getməlidirlər. Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəsi Şövqü Mehdizadə, “Gürcüstan” qəzetinin əməkdaşı Dursun Eyvazov da deyilən fikirlərə qoşularaq Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu dilə gətirmişlər.