CƏMİYYƏT
TƏBİB: Fərdi mənzillərdə təmizlik xidməti göstərən şəxs qoruyucu vasitələrdən istifadə etməlidir
Bakı, 11 may, AZƏRTAC
Fərdi mənzillərdə təmizlik xidməti göstərən şəxs fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Mənzilə daxil olduqda şəxsi gigiyena qaydalarına əməl olunmalıdır (20 saniyədən az olmamaq şərtilə əllərin yuyulması və s.). Dəvət edən xidmət edəni xüsusi ayrılmış dəsmal, qida üçün nəzərdə tutulmuş dəst ilə təmin etməlidir. Dəvət edən özündə respirator simptomlar hiss etdikdə, xidmət edən şəxsi dəvət etməkdən çəkinməlidir.
AZƏRTAC xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.
Metodiki vəsaitdə, həmçinin ki, ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumat da yer alıb: "Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir. Orada apteklərdə tibbi maskaların satışı təmin edilməlidir. Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi personal müvafiq təlim keçməlidir. Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan vətəndaşların məsafədən termometriyası aparılmalıdır. Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət yarandıqda "103" təcili və təxirəsalınmaz tibbi yardım xidməti dəvət edilərək tibb müəssisəsinə göndərilməlidir. Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir".
Digər xidmət sahələrinə gəlincə isə hər 2-3 saatdan bir ümumi zallar, qida qəbulu otaqları (masaların üstü hər istifadədən sonra) dezinfeksiya edilməlidir.