Təbrizdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunmuşdur
Təbriz, 25 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilmişdir.
Mərasimdə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyənin Təbrizdəki Baş Konsulluğunun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Erməni millətçilərinin Azərbaycana qarşı başladıqları növbəti əsasız ərazi iddiaları ilə yaranan süni Dağlıq Qarabağ münaqişəsi nəticəsində baş vermiş Xocalı soyqırımı barədə ümumi məlumat verən baş konsul Əli Əlizadə bu qanlı hadisənin bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayət olduğunu diqqətə çatdırmışdır. 26 fevral gününün dünya tarixində qanlı hərflərlə yeni bir səhifə açdığını bildirən baş konsul demişdir ki, təcavüzkar və terrorçu Ermənistan dövləti tərəfindən törədilən bu hərbi cinayət zamanı Xocalıda qadınlara, qocalara, uşaqlara belə rəhm edilməmişdir. Bu soyqırımın saxta “ Böyük Ermənistan” dövlətinin yaradılması, tarixi Azərbaycan torpaqlarının işğalı və bu torpaqlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davam etdirilməsi məqsədi ilə həyata keçirilmiş ən qanlı qətliamlardan biri olduğunu diqqətə çatdırmışdır. Baş konsul tarix boyu Azərbaycanla yanaşı həmçinin Türkiyənin bir çox bölgələrində, İranın Urmiyə, Xoy, Maku, Səlmas və digər şəhərlərində də ermənilər tərəfindən törədilmiş soyqırımıların cəfəng “Böyük Ermənistan” dövlətinin yaradılması ideyaları altında həyata keçirildiyini vurğulamış, soyqırımı törədənlərin cəzasının tələb edilməsinin ümumilikdə hər kəsin insani borcu olduğunu bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən soyqırımı faktı kimi öz siyasi-hüquqi qiymətini almış Xocalı faciəsinin hazırda dünyanın bir neçə ölkəsi, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya dövlətlərinin parlamentləri, eləcədə İslam Əməkdaşlıq təşkilatı tərəfindən də siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdıran baş konsul əsaslı dəlil və faktlarla sübuta yetirilmiş bu hadisəyə tezliklə, ilk növbədə, Azərbaycana dost və yaxın olan digər ölkələr tərəfindən də siyasi-hüquqi qiymətin verilməsinin önəmli olduğunu diqqətə çatdırmışdır.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmiş, soyqırımı qurbanlarının xatirəsinə ehsan verilmişdir. Xocalı faciəsinə dair DVD filmlər, kitablar, bukletlər, Xocalı əhalisinin dünya ictimaiyyətinə ünvanlanmış müraciətinin fars dilinə tərcümə edilmiş mətni və digər əyani materiallar mərasim iştirakçılarına paylanmışdır. İştirakçılar Xocalı soyqırımına aid şəkillərdən hazırlanmış foto-stendə baxmış, sərgilənən kitab və qəzetlərlə tanış olmuşlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz