Təhsil Nazirliyi, “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Təhsil Nazirliyi, “Bakcell” və “AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və “AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzalayıblar.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən təhsil nazirinin müavini İdris İsayev müasir dünyada təhsilin mühüm rolundan danışıb, Prezident İlham Əliyevin bu sahəyə daim xüsusi önəm verdiyini vurğulayıb. O, ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, İKT-nin təhsilə tətbiqindən, qazanılan nailiyyətlərdən bəhs edib.
İ.İsayev bildirib ki, müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən biri təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təmin olunmasıdır. Bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.
“Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğulayıb. Diqqətə çatdırıb ki, “Bakcell” özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişaf etdirilməsinə töhfə verməyə çalışır.
“Bakcell”in baş icraçı direktoru Təhsil Nazirliyi ilə birgə fəaliyyətin uğurlu olacağına əminliyini bildirib.
Sonra əməkdaşlıq haqqında protokol imzalanıb.
Protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-dək ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi “Bakcell” şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan “AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər, həmçinin “Bakcell” şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.
Tədbirdə “Bakcell” və “AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.