Tələbə və şagirdlərin müayinəsi davam edir
Naxçıvan, 4 dekabr (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasında (MR) ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədi ilə monitorinqlərin aparılması, flüoroqrafik müayinələrin həyata keçirilməsi davam etdirilir.
Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ağciyər Xəstəlikləri Dispanserinə ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər İnstitutundan “Gene Xpert” aparatının verilməsi müayinə və müalicələrin aparılmasında səmərəliliyi daha da yüksəltməyə şərait yaratmışdır. Dispanserin həkimləri Naxçıvan Dövlət Universitetinin 83 tələbəsini səyyar flüoroqrafik müayinədən keçirmiş, xəstə aşkar edilməmişdir. Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbində aparılan növbəti monitorinqdə isə 22 nəfər hiperergik reaksiyalı, 23 nəfər yuxarı sinif şagirdi isə rentgen-flüoroqrafik müayinədən keçirilmiş, aktiv xəstə aşkar olunmamışdır. Müayinəyə gələnlərə vərəm haqqında buklet və kitabçalar paylanmışdır.
Bütövlükdə, noyabr ayı ərzində 817 nəfər Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında yoxlanılmışdır.
Naxçıvan MR Səhiyyə Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək məqsədi ilə Ağciyər, Psixi Xəstəliklər dispanserlərinin həkimləri Kəngərli rayonunun Şahtaxtı kəndində olmuş, dispanser qeydiyyatında duran xəstələrin sayını dəqiqləşdirmiş, tibbi sənədləşmə ilə əlaqədar metodik kömək göstərmişlər.