Tələbələr turizmdə insan resurslarının idarə edilməsi barədə məlumatlandırılıb
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Turizm sahəsində idarəetmə” mövzusunda maarifləndirici seminar keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar təşkil olunub.
Seminarda universitetin biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, menecment kafedrasının müdiri İsrayıl İsgəndərov Strateji Yol Xəritəsinin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətlərindən biri turizm sahəsidir.
Seminarda “PMD hospitaliy” şirkətinin təhsil və inkişaf üzrə meneceri Fəridə Əmirovanın “Turizmdə insan resurslarının idarə edilməsinin xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib, tələbələrin sualları cavablandırılıb.