TELEKOMMUNİKASİYA VƏ POÇT SEKTORUNUN GƏLİRLƏRİ 423,4 MİLYON MANAT TƏŞKİL ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, 2008-ci ilin birinci yarımilliyi ərzində ölkənin telekommunikasiya və poçt sektorunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz artaraq 423,4 milyon manat təşkil etmişdir. Gəlirin 79,8 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən əldə olunmuşdur. Sektorda mənfəətin 71,4 faizi mobil operatorların payına düşməklə, 2007-ci ilin I yarımilliyi ilə müqayisədə artım tempi 43,4 faiz olmuşdur.
Bu barədə iyulun 19-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2008-ci ilin I yarımilliyinin yekunlarına həsr olunmuş kollegiya iclasında nazir Əli Abbasov məlumat vermişdir. O bildirmişdir ki, bu ilin I yarımilliyi ərzində ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı təxminən 16,5 faiz artmasına baxmayaraq, telekommunikasiya və poçt sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-dəki payı 1,5 faiz təşkil etmişdir. Buna səbəb ölkənin əsas ixracını təşkil edən neftin qiymətinin dünya bazarında rekord həddə çatması və sürətlə inkişaf edən enerji sektorunun gəlirlərinin artması olmuşdur. I yarımilliyin yekunlarına görə qeyri-neft ÜDM-də telekommunikasiya sektorunun gəlirlərinin xüsusi çəkisi 4,7 faiz təşkil etmişdir.
Ölkənin rabitə sisteminin dünya standartları səviyyəsinə çatdırılması, müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər barədə danışan nazir bildirmişdir ki, bu məqsədlə 2008-ci ilin I yarımilində RİTN strukturuna daxil olan birlik və müəssisələr tərəfindən 15,1 milyon manat sərmayə qoyulmuşdur.
Ümumilikdə telekommunikasiya sektoru üzrə 71,1 milyon manat investisiya qoyuluşu həyata keçirilmişdir ki, bu da ölkə üzrə ümumi iqtisadiyyata yönəldilmiş sərmayənin 1,9 faizini təşkil etmişdir.
İclasda nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri R.Nəbiyevin 2008-ci ilin I yarımilliyinin nəticələrinə dair məruzəsi dinlənilmişdir.
Kollegiya üzvləri həmçinin Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovun hesabatını dinləmişlər.
Tədbirdə məruzə ətrafında çıxışlar dinlənilmiş, müvafiq təkliflər verilmişdir.
İclasın sonunda yekun sözü ilə çıxış edən nazir Əli Abbasov rabitə sisteminin daha sürətli inkişafı üçün bundan sonra da səmərəli fəaliyyət göstərməyin vacibliyini vurğulamışdır.
######
