TELEVİZİYA EKRANI QARŞISINDA
QURTULUŞ
İyunun 17-də Azərbaycan televiziyası ilə efirə getmiş. “Qurtuluş” verilişinin mətnini oxuculara təqdim edirik.
APARICI: 1993-cü il iyunun 15-də Azərbaycan xalqı ən yeni tarixinin seçim anlarını yaşadı. Bir illik Cəbhə hakimiyyəti dövründəki xaos və anarxiyadan, cəbhəçi “bəylərin” özlərinin də etiraf etdikləri özbaşınalıqdan cana doyan yurddaşlarımız Azərbaycanın müstəqillik səlnaməsinə tarixin bütün dönəmlərində xüsusi qiymətləndiriləcək şərəfli səhifə yazdılar. Həyatının mənasını xalqına xidmətdə görən Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə Azərbaycan dövlətçiliyinin tarixində yeni bir mərhələ başlandı. Neçə vaxtdır davam edən gərginlik səngiməyə başladı. Ürəklərdə xalqının aydın sabahına, min bir qurban bahasına qazanılmış müstəqilliyimizin əbədiliyinə inam hissləri bərqərar oldu. Xalqın, millətin Heydər Əliyev seçimi ilə torpaq da, insanlar da rahat nəfəs aldı. Ölkədə sabitlik və əmin-amanlığın yaradılması, vətəndaş qarşıdurmasının aradan qaldırılması məqsədi ilə mühüm işlər görüldü.
MUSA QULİYEV (Milli Məclisin deputatı): 1993-cü ilin 15 iyununda Azərbaycan xalqı ölkəni bürümüş xaosdan, hərc-mərclikdən, qarşıdurmadan və vətəndaş müharibəsindən qurtuldu. 1993-cü il iyunun 15-dən sonra Azərbaycan ölkəni parçalamaq həddinə gətirib çıxarmış AXC-Müsavat hakimiyyətindən canını qurtardı. Bu, həmin hakimiyyət idi ki, məhz iyunun 15-də onun baş prokuroru öz prezidenti barəsində həbs sanksiyası imzalamışdı. Bu, həmin iqtidar idi ki, əli öz xalqının qanına batmışdı. Həmin iqtidar idi ki, onun baş naziri demişdi ki, xalqın 95 faizi bizim əleyhimizə də olsa, hakimiyyətdə qalacağıq. Bu, həmin iqtidar idi ki, ölkədə başdan-başa hərbi qarşıdurma yaratmış, ordunu ayrı-ayrı adamların - Rəhim Qazıyevin, Əlikram Hümbətovun, İsgəndər Həmidovun, İsa Qəmbərovun ayrı-ayrı dəstələrinə bölmüşdü. Artıq xalqın bu hakimiyyətə inamı ölmüşdü. Xalq dərk edirdi ki, Azərbaycanı bu iqtidar nəinki xilas edə biləməyəcək, daha da məhvə doğru aparacaqdır.
Ona görə də Azərbaycan xalqı öz ümidini o vaxt blokadada olan, eyni zamanda, təəssüf ki, Azərbaycanın rəhbərliyi tərəfindən də blokadaya alınmış Naxçıvanın xilası naminə çalışan, mübarizə aparan böyük oğlu Heydər Əliyevə üzünü tutdu. Heydər Əliyevin qayıdışı tarixi zərurət idi. Bəlkə də, Tanrının Azərbaycan xalqına növbəti bir rəhmi idi.
Nəhayət, xalq öz iradəsini ortaya qoydu, xalqın ziyalıları, müxtəlif təbəqələrdən olan nümayəndələr dəfələrlə Naxçıvana üz tutdu, öz böyük oğlu cənab Heydər Əliyevə müraciət etdi və təkidli tələblərlə respublika rəhbərliyinə gəlməyə və xalqı bu xaosdan, qarşıdurmadan, ölkəni hakimiyyətsizlikdən və dövləti parçalanıb yox olmaqdan xilas etməyə dəvət etdilər. Azərbaycan xalqının müstəqilliyinin daha da reallaşması 15 iyundan başlayır. Düzdür, biz dövlət müstəqilliyini 1991-ci ildə əldə etmişdik. Lakin bu, tam ümidsiz bir müstəqillik idi. Yəni bu müstəqilliyin qorunması, möhkəmlənməsi üçün heç bir iş görülməmişdi və hər dəqiqə onun itirilməsi qorxusu var idi.
Cənab Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıtması və iyunun 15-də yekdilliklə Ali Sovetin sədri seçilməsi, bundan sonrakı proseslər Azərbaycanın dağılması və parçalanmasının, bir millət kimi məhv olmağımızın qarşısını aldı.
SAMİRƏ QULİYEVA (tələbə): Xalqımız Azərbaycanın müstəqillik tarixində dönüş mərhələsinin əsasını qoymuş Qurtuluş gününü bayram edir. Məncə, Qurtuluş günü dedikdə, ilk öncə 1993-cü ilin iyun hadisələri gözlərimiz qarşısına gəlir. 4 iyun Gəncə faciəsi, Surət Hüseynovun yaratdığı özbaşınalıq, hərc-mərclik, silahlı qoşunların Navahıya kimi gəlib çıxması, ondan əvvəlki illərdə, 1988-ci ildən Qarabağ münaqişəsinin başlanması ilə xalqımızın başına gətirilən bəlaların hamısı yadımızdadır. Məhz o dövrdə cənab Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə Bakıya gəlməsəydi, xalqın imdadına yetməsəydi, başımıza hansı bəlaların gələcəyi hamımıza aydın idi. Çünki o vaxt hakimiyyətdə olan insanlar - İsa Qəmbərin, Tofiq Qasımovun, Arif Hacıyevin yaratdığı özbaşınalıq xalqı uçuruma aparırdı.
İyunun 17-də Prezident Əbülfəz Elçibəyin ölkəni başsız qoyub getməsi o vaxtkı hakimiyyətin səriştəsizliyini və heç nəyə qadir olmadığını göstərirdi. Bütün bu hadisələr respublikada gərginlik yaradırdı. Ancaq belə bir vaxtda cənab Heydər Əliyevin xalqın içərisində olması və onun televiziya ilə müraciəti xalqı inandırdı ki, o, doğrudan da Azərbaycanı bəlalardan qurtaracaq yeganə şəxsdir.
ŞİKAR QASIMOV (dosent): 1990-cı ildə ölkəmizin nə vəziyyətdə olduğu yadımızdadır. Düzdür, xalqımız müstəqillik uğrunda mübarizəyə qoşulmuşdu. Ancaq bu mübarizə rəvan getmirdi. Ölkədə hərc-mərclik, qarşıdurma, hakimiyyət davası gedirdi. Belə bir dövrdə xalq özünə inam yeri axtarırdı. O vaxt Azərbaycanda Xalq Cəbhəsinin hakimiyyətə gətirilməsinə çalışıldı. Ancaq Azərbaycan Xalq Cəbhəsi xalqın etimadını doğrultmadı. Ölkədə yenidən böhran, qarışıqlıq yarandı. Çox şükürlər olsun ki, bu böhrandan çıxış yolu tapıldı.
Belə bir dövrdə Heydər Əliyev Naxçıvanda idi. Bütün xalq təkidlə onu Bakıya dəvət etdi və cənab Heydər Əliyev Bakıya gəldi. İyunun 15-də isə Ali Sovetin sədri vəzifəsinə seçildi. O, bu vəzifəyə seçildikdən sonra xalqın ölmüş inamı, ümidi bərpa olundu. İyunun 17-də Prezident Əbülfəz Elçibəy naməlum istiqamətdə yoxa çıxdı. Onun hansı istiqamətə getdiyi bilinmədi, ölkədə çaşqınlıq yarandı. Yenə də Heydər Əliyev cəsarəti, Heydər Əliyev gücü ölkəni böhran vəziyyətindən çıxardı. Ölkədə getdikcə sabitlik yarandı. 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin qarşısı alındı. İlk dəfə olaraq müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi.
Möhtərəm Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dünya ölkələri içərisində tanındı, uğurlu neft strategiyası həyata keçirilməyə başladı. Ölkəmizdə bazar iqtisadiyyatı inkişaf edir. Ən böyük hadisələrdən biri də odur ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunubdur. Bütün bu uğurlar möhtərəm Prezidentimiz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.
SAFQULU FƏRZƏLİYEV (müəllim): 1992-ci ildə Azərbaycanda Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyət uğrunda mübarizəyə girişdilər. Onlar hansı vasitə ilə olur-olsun, hakimiyyəti ələ keçirməyə can atırdılar. Özlərinin sözü ilə desək, tank üstündə hakimiyyətə gəldilər. Sonra isə Allahın köməyi ilə özləri tank üstündə getdilər. Onlar dövləti idarə edə bilmədilər, ölkə daxilində hərc-mərclik yarandı, insanlar uşaqlarını bayıra buraxmağa qorxurdu, sərbəst gəzə bilmirdi. Ölkənin idarə edilməsi tamamilə pozulmuşdu. Cənubda Əlikram Hümbətov dəstə yaratdı, bu tərəfdən Surət dəstə yaratdı, ölkənin daxilində hərc-mərclik başlandı.
1993-cü il iyunun 4-də Gəncədə məlum hadisələr başladı, qardaş qanı axıdıldı, 69 nəfər cavan həlak oldu. Belə bir dövrdə hakimiyyət tamam sarsılmışdı. Xalq fikirləşirdi ki, kimə etibar etsin. Düşüncə sahibləri cəmləşdilər, xalqın iradəsini ifadə edərək, Naxçıvana üz tutdular və cənab Heydər Əliyevə müraciət etdilər. Azərbaycanı parçalanmaq təhlükəsindən qurtarmaq üçün ondan imdad istədilər.
ŞƏRAFƏDDİN RƏÇƏBOV \müəllim\: Möhtərəm Heydər Əliyev uzun illər respublikamızın inkişafı üçün çalışıb və yenə də çalışır. 1990-1993-cü illər respublikamız üçün çox ağrılı-acılı olubdur. Biz həmin tarixi yaşamışıq. O zaman hakimiyyətə gəlmiş səriştəsiz rəhbərlərin ölkəni idarə etmək qabiliyyəti yox idi, ona görə də vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Bunu görən, bunu hiss edən vətəndaşlarımız üzlərini Naxçıvana, yəni hörmətli cənab Heydər Əliyevə tutdular.
Xalq bilirdi ki, ölkəni bu böhranlı vəziyyətdən ancaq və ancaq möhtərəm Heydər Əliyev çıxara bilər. 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilən Heydər Əliyev ölkədə yavaş-yavaş sabitlik, əmin-amanlıq yaratmağa başladı. Bəli, bu əmin-amanlıq, sabitlik heç də asan başa gəlmədi.
İSLAM ZAHİROV (müəllim): Qurtuluş gününə qədər ölkəmizdə olan özbaşınalığı, hərc-mərcliyi, Azərbaycan torpaqlarının parçalanmaq təhlükəsini, cəlb olunduğumuz müharibəni gözümüz önünə gətirəndə görürük ki, xalqımızın başına hansı bəlalar gəlibdir. Amma 1993-cü ildə xalqımızın dərrakəli, uzaqgörən insanları cəsarətli addım atdılar və möhtərəm Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. Çünki ölkə dağılırdı, parçalanırdı, şəhidlər verirdik, gənc oğlanlarımız həlak olurdular, evlərə hər gün tabutlar gətirilirdi. Məhz bu hadisələrin, bəlaların qarşısını almaq üçün müdrik insanlarımız Naxçıvana üz tutdular və möhtərəm Heydər Əliyevi Bakıya dəvət etdilər.
Cənab Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. Sonrakı dövrdə atəşkəsə nail olundu, ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, uğurlu islahatlar keçirilməyə başlandı, uzunmüddətli neft müqavilələri imzalandı, təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində uğurlu işlər görüldü. Biz bu gün bunların nəticəsini görürük. Hörmətli Prezidentimizin atdığı hər bir addım Azərbaycana uğur, əmin-amanlıq gətirmişdir. Sabitlik, əmin-amanlıq olmayan yerdə bu nailiyyətlərin heç birini qazanmaq olmazdı.
APARICI: Gərginliyin aradan qaldırıldığı, ümumi proseslərin cilovlandığı, ictimai-siyasi sabitliyin bünövrəsinin qoyulduğu tarixi anlarda ölkəmizdə yenidən xoşagəlməz vəziyyət yarandı. O vaxtkı ölkə Prezidenti Əbülfəz Elçibəyin müəmmalı şəkildə paytaxtı tərk etməsi xəbəri Azərbaycanda onsuz da mövcud olan gərginliyi daha da artırdı. Müxtəlif şayiələr bütün Azərbaycanı dolaşmaqda idi. Neçə vaxtdır qorxu, həyəcan, səksəkə içində üzülən xalqımızın nigaran baxışları yenə də öz xilaskarına dikilmişdi. İyunun 18-də Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə gələn Heydər Əliyev yaranmış vəziyyətlə bağlı televiziya ilə birbaşa xalqa müraciət etdi.
AZƏRBAYCAN ALİ SOVETİNİN SƏDRİ HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL İYUNUN 18-DƏ RESPUBLİKA TELEVİZİYASI İLƏ XALQA MÜRACİƏTİ
-Hörmətli həmvətənlər, bacılar və qardaşlar!
Son günlər Azərbaycanda çox mürəkkəb, gərgin vəziyyət yaranmışdır. Bunun əsas səbəblərindən biri iyun ayının 4-də Gəncədə baş vermiş qanlı hadisələrdir. O gün orada qardaş qırğını olmuş, qan tökülmüş, cinayət edilmiş, insanlar, bizim əziz vətəndaşlarımız tələf olmuşlar. Bu, faciəli bir hadisədir. Lakin təəssüflər olsun ki, Azərbaycanın dövlət orqanları bu hadisəyə dərhal lazımi siyasi qiymət verə bilməmiş, tədbirlər görməmiş, məsələnin həlli uzanmış, vəziyyət daha da gərginləşmişdi. Bu məsələnin məzmunu və mahiyyəti haqqında indi geniş bir söz deməyə ehtiyac yoxdur. Bir daha təkrar edirəm, cinayət edilmiş, günahsız insanlar həlak olmuşlar.
Bu gün mən televiziya ilə xalqa müraciət edərək, iyunun 4-də Gəncədə həlak olmuş Azərbaycan vətəndaşlarının hamısının xatirəsini yad etmək istəyirəm. Mən onların yaxınlarına, qohumlarına, əqrəbalarına dərin hüznlə başsağlığı verirəm.
Bu hadisələr təkcə Gəncənin yox, ətraf rayonların əhalisini və bütün Azərbaycan xalqını hiddətə gətirmişdir. Bu hadisələri araşdırmaq üçün bir neçə tədbirlər görülmüş, ancaq bu tədbirlər nəticə verməmişdir. Bu onu göstərir ki, həmin tədbirlər lazımi səviyyədə hazırlanmamışdır.
İyun ayının 8 və 9-da bu hadisələr Azərbaycan Respublikası Milli Məclisinin iclasında müzakirə olunmuş, ancaq bu müzakirələr də lazımi nəticələr verməmişdir. Yeganə nəticə ondan ibarət olmuşdur ki, Milli Məclis deputat istintaq komissiyası yaratmışdır və həmin komissiya indi iş aparır. Şübhəsiz ki, komissiyanın işi nəticəsində daha düzgün, dəqiq məlumatlar əldə etmək mümkün olacaqdır.
Ancaq bu hadisələr baş verən kimi bir çox təşkilatlar, siyasi qurumlar, ayrı-ayrı şəxslər, siyasi xadimlər, ziyalılar bu hadisələrə qiymət vermiş, bu barədə öz münasibətlərini bildirmişlər. Mən də bu məsələyə dair öz münasibətimi bildirmişəm. Bir daha qeyd edirəm ki, bütün bu qanlı hadisələri, qardaş qırğınını törədənlər, onu təşkil edənlər, bu cinayətdə iştirak edənlərin hamısı, - hansı tərəfdən olursa-olsun, - mütləq qanun qarşısında məsuliyyətə cəlb olunmalıdırlar. Bu gün böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, iyunun 4-dən keçən müddətdən bəri bu gərginlik nəinki aradan götürülməyib, hətta günü-gündən artıbdır.
İyun ayının 9-da bu hadisələrin araşdırılmasında, xüsusən əmələ gəlmiş gərginliyin, mürəkkəb vəziyyətin aradan qaldırılmasında, məsələlərin həll olunmasında iştirak etmək üçün mən Naxçıvandan Bakıya dəvət olunmuşam. Həmin gün Bakıya gəlmişəm və ondan bəri bu işlərdə çox fəal iştirak edirəm. Bir vətəndaş, azərbaycanlı kimi şəxsən mənim əsas məqsədim yaranmış bu gərgin vəziyyəti tezliklə aradan qaldırmaqdan, bu məsələnin sakit, sərbəst, təmkinli bir şəraitdə araşdırılmasını təmin etməkdən və günahkarları meydana çıxarmaqdan ibarətdir.
Mən bu sahədə bir çox danışıqlar aparmışam. Bildiyiniz kimi, iyunun 13 və 14-də Gəncə şəhərində olmuşam. Ona qarşı basqın olunduğundan şikayət edən Gəncədəki hərbi hissənin başçısı, Azərbaycan Respublikasının xalq deputatı Surət Hüseynovla, onun ətrafında olan zabitlərlə, əsgərlərlə görüşüb söhbət etmişəm, danışıqlar aparmışam. Öz nüfuzumdan istifadə edərək, bu məsələnin sülh, danışıq yolu ilə həll olunmasına səy göstərmişəm, məsləhətlərimi vermişəm.
Faciə böyükdür, cinayət mövcuddur. Ancaq bir daha qeyd edirəm ki, məsələlər bundan sonra sülh, qarşılıqlı danışıqlar, anlaşma, barışıq yolu ilə həll edilməlidir. Bunun üçün də gərək hər bir tərəf obyektiv mövqe tutsun, məsələlərə düzgün qiymət versin, şəxsi hissiyatlardan kənar olsun. İndi bütün Azərbaycanı çalxalayan bu məsələ gərək ancaq və ancaq müdrikliklə həll edilsin. Mən bu yolda çalışıram. Mənimlə bərabər bir çox şəxslər də tam obyektiv mövqedən bu yolda çalışırlar. Ancaq hələ ki, istənilən nəticələr əldə olunmayıbdır. Deputat istintaq komissiyası öz işini aparır, amma hələ nəticələri yoxdur.
Surət Hüseynov və onunla birlikdə olan adamlar bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının başçılarını, Gəncədəki hissəyə hücum edən hərbi hissəyə rəhbərlik edən şəxsləri günahlandırırlar. Eyni zamanda, o tərəfdən olan adamlar da - həm rəhbər şəxslər, həm də icraçılar - özlərinin günahsız olduqlarını sübut etməyə cəhd göstərirlər. Mən bu barədə hələ heç bir fikir söyləmək istəmirəm. Ancaq mövcud vəziyyət ondan ibarətdir ki, Surət Hüseynov və onun tərəfdarları Azərbaycanın dövlət başçılarının və hərbi strukturların rəhbərlərinin günahkar olduqlarını bildirir, onların cəzalanmasını tələb edirlər.
Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy, respublika Milli Məclisi bu sahədə müəyyən işlər görmüşlər. Ali Sovetin sədri İsa Qəmbərov, baş nazir Pənah Hüseynov istefa vermişlər. Prezident Əbülfəz Elçibəyin fərmanı ilə daxili işlər naziri Abdulla Allahverdiyev, milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov, müdafiə naziri Dadaş Rzayev dünən vəzifələrindən azad edilmişlər. Özlərinin sözü ilə desək, bu təcavüzə məruz qalmış adamlar hesab edirlər ki, günahkarlar dövlətin başçılarıdır. Prezident Əbülfəz Elçibəyin istefa verməsini dəfələrlə tələb edirlər və indiyədək də bu tələblərindən geriyə çəkilmirlər.
Biz hamımız bu məsələnin tam obyektiv araşdırılmasının tərəfdarıyıq, heç kəsi günahlandırmaq və yaxud zərər vurmaq, eyni zamanda, günah etmiş adama bəraət qazandırmaq fikrində deyilik. Ona görə biz bu günlər çalışmışıq ki, müəyyən bir vaxt əldə olunsun və həmin müddətdə məsələlər obyektiv, heç bir təsir olmadan doğru-düzgün araşdırılsın, aydınlaşdırılsın və lazımi tədbirlər görülsün.
Etiraf etməliyəm ki, Azərbaycanın dövlət rəhbərləri bu məsələlərin araşdırılmasında və gərginliyin aradan götürülməsi üçün tədbirlər görülməsində çox ləng hərəkət ediblər, gecikiblər. Şübhəsiz ki, bu da gərginliyi daha da artırıbdır. Surət Hüseynovun rəhbərliyi altında olan hərbi hissələr iyunun 4-dən indiyədək Gəncə şəhərinə nəzarət edirlər. Gəncənin ətrafında olan bir neçə rayon da onların tam nəzarəti altındadır. Öz tələblərini ədalətli hesab edən bu adamlar tələbləri yerinə yetirilmədiyinə görə, fəaliyyətlərini genişləndirəcəklərini bildiriblər. Onlar Prezident Əbülfəz Elçibəyin istefasını bir daha tələb ediblər. Hətta bir çox qorxulu hərbi əməliyyatlar aparacaqları ilə hədələyirlər.
Bizim son günlər belə şəraitdə apardığımız danışıqlar vəziyyəti müəyyən qədər aydınlaşdırmaq üçün vaxt əldə olunmasına kömək etmişdir. Ancaq artıq bu vaxt da tükənmişdir.
Mən bu barədə geniş məlumat vermək fikrində deyiləm. Dünən, ondan əvvəlki gün Gəncə ilə dəfələrlə əlaqə saxlamışam, Surət Hüseynovla danışmışam, Prezident Əbülfəz Elçibəylə və başqa şəxslərlə görüşüb danışıqlar aparmışam, gərginliyin aradan qaldırılmasının yollarını aramışam. Amma hələ ki, müsbət bir nəticə əldə olunmayıbdır.
Mən də, başqa adamlar da Surət Hüseynovla dünən telefonla bir daha danışıqlar aparmışıq. Əbülfəz Elçibəylə dünən axşam görüşümüz olubdur. Bu görüşdə Milli Məclisin üzvü Etibar Məmmədov, baş nazirin müavini Rəsul Quliyev iştirak edirdilər. Bizim geniş söhbətlərimiz oldu və vəziyyətdən çıxış yolları axtardıq.
Surətlə bizim danışığımız belə olubdur ki, bu danışıqlar davam etsin, məsələlərin həlli ilə bu gün də məşğul olaq, vəziyyətdən xətasız çıxmaq üçün yollar tapaq. Dünən axşam saat 11-12 radələrində Əbülfəz Elçibəylə görüşümüz oldu, danışdıq. Razılaşdıq ki, bu gün danışıqlarımız davam edəcəkdir. Ondan sonra mən Surət Hvseynovla danışdım. O da mənə söz verdi ki, bu gün danışıqlarımız davam etsin. Ola bilər ki, dünənki iş günümüzü itirdik. Bizim iş günümüz gecə saat 2-3-dək davam edir. Gecə saat 2-3 radələrində mən evə getdim. Bir saatdan sonra mənə xəbər gəldi ki, Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy Bakını tərk edibdir. Biz dərhal öz iş yerimizə toplaşdıq, məsələni araşdırmağa başladıq. Belə məlum oldu ki, təxminən gecə saat 12-dən sonra, yaxud 12 radələrində biz onun iş yerində Əbülfəz Elçibəydən ayrılandan sonra, o, Xalq Cəbhəsi Məclisinin bir qrup üzvü - təxminən 25 nəfər ilə görüşüb, onlarla söhbətlər aparıbdır. Bu söhbətlərdə Azərbaycanın dövlət katibi Əli Kərimov da iştirak edibdir. Ancaq söhbətlərin məzmunu bizə məlum deyildir. Deyilənlərə görə, bundan sonra Əbülfəz Elçibəy öz iqamətgahına gedib, qısa bir fasilədən sonra Bakı hava limanına gəlib, oradan təyyarə ilə Naxçıvana uçubdur. Gecə təxminən saat 4-də Naxçıvana enib, orada onu Xalq Cəbhəsinin bir qrup nümayəndəsi qarşılayıbdır. Ondan sonra isə o, naməlum istiqamətdə hərəkət edibdir. İndi onun dəqiq yeri bizə məlum deyildir.
Əbülfəz Elçibəy nə üçün belə addım atıb? Mən buna indi bir cavab verə bilmərəm. Çünki o, bu addımı atmazdan iki saat əvvəl biz onunla bərabər olmuşuq. Bu addımı atarkən heç kəsə, yəni öz iş yoldaşlarına heç bir şey deməməyi, heç bir tapşırıq verməməyi, heç bir razılıq almamağı da çox böyük təəccüb doğurur. Ona görə də gecə bu hadisəni biləndən sonra biz toplaşıb səhərə qədər müzakirələr aparmışıq. Çalışmışıq aydınlaşdıraq ki, bunun səbəbi nədir, bunu nə üçün edibdir.
Prezidentin mətbuat xidməti Əbülfəz Elçibəyin yanında son dəfə olmuş Əli Kərimovun sözü ilə belə məlumat verir ki, guya o, təhlükəsizyilini qorumaq, eyni zamanda, Azərbaycanda, Bakıda qan tökülməsinin qarşısını almaq üçün belə bir addım atıbdır. Respublika prezidenti belə addım atarkən gərək öz iş yoldaşlarına xəbərdarlıq edəydi və bu addımını atmağının məqsədlərini bildirəydi. Bəlkə başqa bir tədbir də görmək olardı. Bəlkə də buna heç ehtiyac yox idi.
Ancaq bu, olub, Əbülfəz Elçibəy bunu edibdir. Şübhəsiz ki, şəxsən mən Əbülfəz Elçibəyin bu addımına, hərəkətinə bəraət qazandıra bilmərəm. Çünki Əbülfəz Elçibəy respublikanın xalq tərəfindən seçilmiş Prezidentidir, xalqın qarşısında cavabdehdir. Vəziyyət nə qədər çətin olursa olsun, o, məsələnin həllində iştirak etməlidir, özünü kənara çəkməməlidir. Belə çıxır ki, o, belə bir hərəkətlə özünü kənara çəkir və iş yoldaşlarını bu şəraitdə tək buraxıb gedir. Buna heç vəchlə bərabərt qazandırmaq olmaz.
Şübhəsiz ki, bu, insanları çaşdırıb, cürbəcür şaiyələr yayılıbdır. Ona görə də biz məsləhətləşdik ki, mən bu gün televiziya ilə müəyyən çərçivədə məlumat verim, insanlar həqiqəti bilsinlər. Biz aşkarlığı həyatımızın əsas prinsiplərindən biri kimi qəbul etmişik, ona riayət etməliyik və bu prinsiplərə görə də mən olan vəziyyəti sizə olduğu kimi çatdırıram.
Ancaq şübhəsiz ki, Əbülfəz Elçibəyi də bu addımı atmağa məcbur edən səbəblərdən biri nəinki Gəncədə baş vermiş hadisələrdir, eyni zamanda, bununla əlaqədar olaraq Bakıda, Azərbaycanın bir çox bölgələrində, rayonlarında vəziyyətin gərginləşməsidir. Şübhəsiz ki, bunlar da heç kəsə xeyir gətirməz, Azərbaycan Respublikasına, xalqımıza xeyir gətirə bilməz.
Ona görə də bu gün bu məsələləri sizə çatdıraraq, eyni zamanda, bütün Azərbaycan xalqına, bacı-qardaşlarımıza, vətəndaşlarımıza müraciət edirəm ki, bu ağır günlərdə hamımız bir olaq, bərabər olaq, hamımız səbrli, təmkinli olaq və bu ağır vəziyyətdən çıxış yollarını birlikdə axtaraq. Elə edək ki, bir qanlı hadisənin arxasınca ikinci bir qanlı hadisə baş verməsin.
Mən Surət Hüseynovla danışıqlarımızda dəfələrlə ona bildirmişəm ki, iyun ayının 4-də Gəncə şəhərində tökülmüş qan bağışlana bilməz. Şübhəsiz ki, bunu edənlər məsuliyyət daşımalıdır və daşıyacaqlar. Ancaq qanı qanla yumazlar. Qandan sonra yeni qan tökülməməlidir. Bunu hamı bilməlidir və anlamalıdır. Təəssüf ki, belə bir gərgin vəziyyətdə bəzi insanlar xalqın ümumi mənafeyini unudaraq, öz şəxsi məqsədlərini ön sıraya çıxarır, vəziyyətdən istifadə edib bəzi məqsədlərə nail olmağa çalışırlar. Şübhəsiz ki, bu, bəyənilə bilməz. Nəinki bəyənilə bilməz, bununla heç kəs razılaşa bilməz.
Dərdlər çoxdur. İndi hər bir kəsin həyatında ağırlıq hiss olunur. Hamımız çətin vəziyyətdə yaşayırıq. Bəlkə də birinin həyatı o birisindən daha da çətindir. Xalqımız böyük fəlakət içərisindədir. Ermənistanla müharibə gedir. Torpaqlarımızın bir hissəsi işğal olunubdur. Dünən, srağagün - biz bu məsələlərlə məşğul olduğumuz dövrdə - Ağdam istiqamətində qanlı döyüşlər gedib, itkilər olubdur. Bizim vətəndaşlarımız, əsgərlərimiz, oğullarımız həlak olublar, dağıntılar baş veribdir. Bunlar hamısı üst-üstə gəldikcə, Azərbaycanda vəziyyət daha da gərginləşir. Ona görə də bu gərginliyi aradan qaldırmaq üçün gərək hər kəs öz imkanından öz vicdanı, namusu, vətənpərvərliyi ilə istifadə etsin ki, biz bu gərgin vəziyyətdən çıxaq.
İndi bizə cürbəcür məlumatlar gəlir. Şübhəsiz ki, mən onların nə qədər dəqiq və doğru olduğuna zəmanət verə bilmərəm. Ancaq deyirlər ki, indi guya bu şəraitdən istifadə edərək, Bakıda bəzi təxribatlar hazırlanır. Kənardan gələn bəzi qüvvələr Bakıdakı vəziyyəti, sabitliyi pozmaq, aranı qarışdırmaq, bu fürsətdən istifadə edib kimdənsə qisas almaq, nəyəsə nail olmaq istəyirlər.
Şübhəsiz ki, bizim xarici düşmənlərimiz az deyildir. Respublikamız indi ağır vəziyyətdədir. Xaricdən bizim respublikaya müdaxilə etmək istəyən qüvvələr çoxdur. Hamı bunları anlamalıdır, bilməlidir. Ona görə də mən bu şayiələrin, məlumatların dəqiq olub-olmamasından asılı olmayaraq, burada da təhlükə duyuram, hamını xəbərdar etmək istəyirəm. Heç kəs pis yola getməməlidir, heç kəs avantüraya uymamalıdır. Biz Bakıda, Azərbaycanın bütün bölgələrində sabitliyi, insani münasibətləri bərpa etməliyik, bir-birimizə hörmət etməliyik.
Ona görə də mən üzümü bir daha Gəncə şəhərinin, ətraf rayonların əhalisinə, bütün Azərbaycan xalqına tuturam, hamını təmkinə, səbirliliyə, dözümlülüyə, müdrikliyə dəvət edirəm. Gərək bu məsələlər hüquqi yolla həll olunsun. Bu məsələlər zor yolu ilə həll edilməməlidir.
Bir daha qeyd edirəm, indi biz hamımız birləşməliyik, bütün gücümüzü bir yerə yığmalıyıq. İki gün bundan əvvəl Milli Məclisin iclasında dediyim sözləri bir daha təkrar etmək istəyirəm, bu sözlər bizim hamımız üçün çox lazımdır: bizim ağsaqqallarımız, hörmətli, tanınmış, hər bir sahəyə nüfuz, təsir edə bilən adamlarımız bu gün müsbət niyyətlə yaşamalı və ölkəmizin bu ağır vəziyyətdən çıxmasına kömək etməlidirlər.
Mən sizin hamınıza müraciət edirəm, təmkinli olun. İndi Bakıda müxtəlif şayiələr yayılır ki, buraya qoşun gələcək, qarışıqlıq olacaqdır. Hətta bəzi adamlar ölkədən qaçmaq istəyirlər. Lazım deyil. Mənə elə gəlir ki, bizim qardaşlarımız öz qardaşlarının üstünə gəlməzlər. İndi qardaş qardaşa güllə atmaz, qardaş qardaşın qanını tökməz. Tökülən qanlar bəsdir. Biz tökülən bu qanların, vurulan yaraların ağrısını hələ bir çox illər çəkəcəyik. Güman edirəm ki, hamı bu sözləri bir məsləhət kimi qəbul edəcək, bu duyğularla yaşayacaq və biz bu ağır vəziyyətdən çıxacağıq.
Bu günlərdə Ağdamda vəziyyət ağır olubdur. Qeyd etdiyim kimi, itkilər vermişik. Bu günlərdə orada həlak olmuş adamların hamısına Allah rəhmət eləsin. Mən onların qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Ancaq bizim döyüşçülərimiz, əsgərlərimiz, vətənimizi qoruyan hər bir kəs çalışmalıdır ki, bundan sonra torpaqlarımız əldən getməsin və biz torpaqlarımızın tədricən geri qaytarılmasına, sülh yaradılmasına, xalqımızın əmin-amanlıqda yaşamasına şərait yarada bilək.
Mən sözlərimi bitirirəm. Hamını bir daha müdrikliyə, səbrə, təmkinə dəvət edirəm. İstərdim ki, mənim səsimi Gəncədə hər bir vətəndaş eşitsin və öz mövqeyini müəyyənləşdirsin. Güman edirəm ki, bizim bundan sonrakı danışıqlarımız müsbət nəticə verəcək, Gəncədə, ətraf rayonlarda olan gərginliyi qarşılıqlı anlaşma yolu ilə birlikdə aradan qaldıra biləcəyik.
İndi Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin yeri dəqiq müəyyən deyildir. Biz onunla əlaqə yaratmağa çalışacağıq. Ancaq artıq o, Bakıda olmadığına və dövlət orqanları ilə əlaqəsini kəsdiyinə görə, Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi mən, Azərbaycan Konstitusiyasına əsasən, bu vəzifəni, hakimiyyəti, məsuliyyəti öz üzərimə götürürəm və bunu bütün Azərbaycana elan edirəm. Güman edirəm ki, xalqımız, vətənpərvər insanlar bu işdə mənə yardımçı olacaqlar. Bu vəziyyətdən hamımız birlikdə çıxacağıq.
Diqqətinizə görə sağ olun. Hamınıza yaxşı günlər arzulayıram. Sağ olun.
X X X
APARICI: Heydər Əliyev bu tarixi müraciəti ilə xalqı bir daha əmin etdi ki, Azərbaycanın müstəqilliyi əbədidir. Onu bu yoldan döndərmək heç bir qüvvəyə müəssər olmayacaq. Lakin ölkəni uçuruma yuvarlayıb xalqın gözündən düşən, tam iflasa uğrayan cəbhəçi bəylər yenə də siyasi hoqqabazlıqdan əl çəkmir, naşı, əcaib çıxışları ilə dəridən-qabıqdan çıxır, ara qarışdırırdılar.
Dünənə qədər susub danışmayan, qorxusundan səsini içinə çəkən bu adamlar Heydər Əliyevin kölgəsində salamat qaldıqlarını görüb yenidən guya siyasi səhnədə olduqlarını sübut etmək istəyirdilər. Xalq isə onlardan çoxdan üz döndərmişdi. Bu zavallıların hər sözü, hər çıxışı insanlarda acı gülüş, ikrah doğururdu. Ali Sovetin iyunun 18-də keçirilən iclasındakı çıxışları Arif Hacıyevin, Tofiq Qasımovun və onlara züy tutan cəbhəçilərin iç üzünü bir daha daha xalqa açıb göstərdi. Özlərini dövlət xadimi, kamil siyasətçi kimi göstərmək istəyən cəbhəçi bəylərin danışığında məntiq yox idi. Gəncə hadisələri ilə bağlı cinayətlərdən xəbərsiz olduqlarını bəyan etməklə yaxalarını kənara çəkməyə çalışırdılar. Amma heç kəsə sirr deyildir ki, məhz onların üzdəniraq fərariliyi nəticəsində bir həftə ərzində Ağdam və Ağdərə ətrafında gedən döyüşlərdə 14 kənd itirildi, 300 nəfər şəhid oldu. Öarabağın müdafiəsi zəiflədildi. Bundan da erməni işğalçıları istifadə etdilər. Torpaqlarımız azğın ermənilərin təcavüzünə məruz qaldı. Bizcə, vəzifə dondurmaqdansa, bu hadisələri yada salmaq daha yerinə düşərdi.
NEMƏT PƏNAHOV\ali sovetin 18 iyun iclasindaki çixişi\: 1988-ci ildən başlayaraq hakimiyyətdə təmsil olunanlar bu günə qədər Azərbaycan xalqına xəyanət ediblər. Həmin xəyanət bu gün də davam edir. Kommunistlərin 70 ildə qazana bilmədiyi nifrəti bunlar bir ildə qazandılar. Dünənki cinayətlər bunların etdikləri cinayətlərin müqabilində görünməz olubdur.
Azərbaycan dövləti, hakimiyyəti bir Əbülfəz Əliyevə bağlıdırsa, o hakimiyyətin varlığı, yoxluğu bu gün bilinmir. Necə olur ki, Ali baş komandan kimi heç bir işdən xəbəri yoxdur. Xalq Cəbhəsinin sədri kimi onun verdiyi bəyanatlardan xəbəri yoxdur, bu adamın iradəsi yoxsa, onda kimə lazımdır?
Əgər varsa və baş vermiş bu hadisələrə rəhbərlik edibsə, cinayətkardır. Hər iki halda Əbülfəz Əliyevə bəraət qazandırmaq mümkün deyildir. Əgər doğrudan da o, bugünkü tarixi məsuliyyəti dərk edərək, istefa verib buradan getsəydi, ən azı özünü rüsvay etdiyi kimi, Azərbaycan dövlətini və Azərbaycan milli azadlıq hərəkatını rüsvay etməzdi.
Məni ağrıdan budur ki, - Əbülfəz Əliyev haqqında bu günlərdə də burada dedilər milli azadlıq hərəkatının lideri, milli azadlıq hərəkatının aparıcısı,- milli azadlıq hərəkatının lideri imperiya ordusu ilə, Qorbaçovla heç cürə sazişə girə bilməzdi. Əbülfəz Əliyev 1990-cı ilin 20 yanvar cinayəti törədildikdən sonra bütün dünya mətbuatına və yerli mətbuata bəyanat verdi ki, biz - Azərbaycan ziyalıları, kommunistləri, Xalq Cəbhəsi bir qüvvə kimi birləşmişik. Elə həmin qüvvələrlə birləşdiyinə görə Əbülfəz Elçibəy bu kürsüdə oturdu.
CAHANGİR HÜSEYNOV /Ali Sovetin deputatı/: Azərbaycanın əsas qanunu - Konstitusiyası var, hələlik bu, qüvvədədir. Konstitusiyanın 121-ci maddəsinin 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifələrini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək onun səlahiyyətləri respublika Ali Sovetinin sədrinə keçir.
Bundan böyük səbəb olarmı ki, artıq bizim respublikamızda qarşıdurma yaranıb, qan tökülübdür. Burada Prezidentin istefasından söz getmir. Prezident heç kimə deməyib, mətbuat xidməti də bu barədə bəyanat verməyibdir. Onun getməsindən nə Ali Sovetin sədrinin, nə də Prezident Aparatının xəbəri olmayıbdır. Yəqin özünün şəxsi fikirlərinə görə çıxıb Ordubada gedə bilər. Ancaq o, Prezidentdir. Respublikanın bu ağır vəziyyətində, bu çətin günündə Prezidentin, Ali baş komandanın ölkəni başsız qoyub getməyə ixtiyarı yoxdur. Biz bu gün Konstitusiya əsasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin sədrinə verməliyik.
APARICI: Milli Məclisin iclasında cəbhədaşları onun bu hərəkətini pisləmək əvəzinə, öz fərari liderlərinə haqq qazandırır, bununla da respublikamızda çıxılmaz və xaotik vəziyyət yaratmaq istəyirdilər. Onların çıxışlarının nə qədər məntiqsiz, nə qədər gülünc olduğunun şərhə ehtiyacı yoxdur.
TOFİQ QASIMOV: Bu gün Milli Məclis, Ali Sovet yığılsa belə, Prezidentə etimadsızlıq göstərilə bilməz. Ona görə ki, Prezident Konstitusiyanı pozmayıb, könüllü surətdə öz vəzifələrindən imtina etməyib, ona görə də burada hansı qərar qəbul edilsə, qanuni olmayacaqdır.
SUAL: Elan edilib ki, Əfülfəz Əliyev Bakıdan gedib və ona görə də bu gün biz “gedib” sözünü işlədirik. O, getməyib, qaçıbdır. Niyə qaçıb?
TOFİQ QASIMOV: Siz deyirsiniz ki, qaçıb, mənə elə gəlir ki, bu düzgün söz deyildir. Çünki adam öz ölkəsində olanda onun bir kəndindən başqa kəndinə gedibsə, ona qaçıb demirlər.
CAHANGİR HÜSEYNOV: Tofiq bəy, mənim sizə belə bir sualım var. Sizcə, bu gün Azərbaycan Prezidenti öz vəzifəsini icra edə bilirmi?
TOFİQ QASIMOV: Bəy, mən elə bilirəm ki, Prezident harada olursa olsun, onun siz deyən qədər də böyük vəzifə borcu yoxdur. Yəni bu adam mənə konkret olaraq demir ki, Tofiq müəllim, sən get filankəslə söhbət et, ya etmə. Bunu mən edirəm. Sonra hesabatımı verirəm, yaxud da ki, o işi mən icraçı kimi icra edirəm. Ona da proqramı deyirəm. Bizim Daxili İşlər Nazirliyimiz də, Milli Təhlükəsizlik Nazirliyimiz də, Müdafiə Nazirliyimiz də var. Onların hər birinin konkret vəzifələri də var. Hər kəs öz vəzifəsini icra etsə, bizim işimiz heç də Prezidentin olub-olmamasına görə geri qalmaz.
Sadəcə olaraq, bir qədər şişirdirik. Prezident yoxdur, ona görə də Ağdam getdi, nə bilim, dünya dağıldı. Prezident burada olsaydı da, müdafiə nazirinə əmr verəcəkdi ki, oraya adam göndər.
HEYDƏR ƏLİYEV /Ali Sovetin sədri/: Gəlin sualları qurtaraq. Çünki bu suallar çox qəribə hallara gətirib çıxarır. Tofiq bəyin son sözləri görürəm ki, burada çox gülüş doğurur. Əlbəttə, gülməlidir. Demək, Prezident olsa da olar, olmasa da olar. Arif Hacıyev.
ARİF HACIYEV: Mən bir neçə gün işə çıxmamışam. Milli Məclisin iclasına da gəlməmişdim. Bizim siyasi xəttimiz məğlubiyyətə uğrayıb, ona görə də qərar qəbul emişəm ki, müəyyən dövr üçün həm vəzifədən, həm də siyasi səhnədən çəkilim.
Ayın 4-də Gəncədə çox ciddi səhv buraxılıb, bu, bəlkə də cinayətə bərabər bir səhvdir və bugünkü vəziyyətə gətirib çıxarıbdır.
İBRAHİM İBRAHİMLİ: Surətin qoşunları gəlib Bakının yaxınlığında iki istiqamətdə dayanıbsa, Prezident Bakıya necə gələ bilər? Bu təminatı kim verir?
O ki qaldı məsələnin başqa tərəfinə, Milli Məclisin ixtiyarı yoxdur ki, qərar qəbul edib, Prezidenti oradan gətirtsin. Konstitusiyaya görə Milli Məclisin belə bir ixtiyarı yoxdur. Burada bizim hüquqşünaslarımız əyləşib, onlar da deyə bilərlər. İkinci, bəs Milli Məclis nə etməlidir? Mən konkret təklif verirəm. Prezidentin məsuliyyəti öz boynundadır. Vaxtı, məqamı, tarixi gələcək, öz məsuliyyətinə cavab verəcəkdir.
APARICI: Ölkədə gərginliyin yenidən artması düşmənin fəallaşmasına səbəb oldu. Bu gərginlikdən istifadə edən Ermənistan silahlı qüvvələri cəbhə bölgələrində aramsız hücuma keçdilər. Bütün bunlara aydınlıq gətirmək məqsədi ilə Heydər Əliyev kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirdi.
Bu mətbuat konfransı ölkədəki vəziyyətin aydın mənzərəsini göstərməklə bərabər, həm də çox gərgin ictimai-siyasi proseslərin cilovlanması, nəzarətə götürülməsi nöqteyi-nəzərindən az əhəmiyyətli hadisə deyildi.
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL İYUNUN 20-DƏ YERLİ VƏ XARİCİ JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT KONFRANSINDAN
HEYDƏR ƏLİYEV: Hamınızı salamlayıram. Sizinlə görüşməyimdən çox böyük məsuliyyət hiss edirəm. Azərbaycanda bu günlərdə yaranmış vəziyyətlə əlaqədar qısa məlumat vermək istəyirəm. Bundan sonra isə suallarınıza cavab verməyə hazıram.
Vaxtımız azdır. Mən görürəm ki, salona həm bizim ölkənin, həm də xaricdən gəlmiş çoxlu mətbuat nümayəndələri toplaşıblar. Çalışacağam ki, sualların hamısına cavab verim, ancaq rica edirəm ki, suallar konkret, qısa olsun və mən də hamınızın tələblərini ödəyə bilim.
Son günlər Azərbaycanda baş verən hadisələr məlumdur. Vəziyyət gərgin olaraq qalır. Gərginliyin əsas səbəbi Gəncədə baş vermiş hadisələrin davam etməsi, Gəncə şəhərində yerləşən hərbi hissənin və ona rəhbərlik edən Azərbaycan Ali Sovetinin deputatı Surət Hüseynovun tələbləri və Surət Hüseynovun tabeliyində olan hərbi hissələrin Gəncə ətrafında və Bakıya yaxın bölgələrdə vəziyyətə nəzarət etməsidir. Vəziyyətin gərginliyinin ikinci səbəbi, - bəlkə də ikinci deyə bilmərəm, bu da çox böyük səbəbdir, - son günlər respublikada daxili vəziyyətin, siyasi sabitliyin pozulması ilə əlaqədar olaraq Ağdam və Ağdərə istiqamətində erməni hərbi hissələrinin hücuma keçməsi və orada üç gündən artıq qanlı döyüşlərin getməsidir. Şübhəsiz ki, torpağımızı qorumaq üçün biz oraya əlavə hərbi qüvvələr cəlb etməklə məşğuluq və bunu da edirik. Ancaq bir sıra hərbi hissələr müəyyən yerlərə parcalandığı üçün vəziyyət həddindən artıq gərgindir.
Bütün bu məsələləri gərginləşdirən səbəblərdən biri də Azərbaycanın Prezidenti Əbülfəz Elçibəyin Bakıdan kənarda olmasıdır. Sizə məlumdur ki, Əfülfəz Elçibəy uyunun 17-dən 18-nə keçən gecə heç kəsə xəbər vermədən, heç bir tapşırıq vermədən, özünü qoruyan kiçik qüvvələrlə birlikdə təyyarə ilə Naxçıvana ucub, Naxçıvan şəhərindən dərhal Ordubad rayonunun Kələki kəndinə gedibdir. Indi Kələki kəndindədir.
Srağagün Milli Məclisin iclası keçən zaman Əfülfəz Elçibəy zəng edib məni telefona çağırdı, onunla danışdım. Mən soruşdum ki, nə üçün bu hərəkəti edib, nə üçün Bakını tərk edib, nə üçün bizə xəbərdarlıq etməyib, bizi, demək olar ki, tək qoyub gedibdir? Dedi ki, vəziyyət belə yarandı. Mən ondan xahiş etdim ki, qayıdıb gəlsin. Dedi ki, hələ bir neçə gün burada olacağam, ancaq siz oradasınız, Ali Sovetin sədrisiniz, öz səlahiyyətlərinizdən və mənim səlahiyyətlərimdən də istifadə edə bilərsiniz. Bunlardan istifadə edib vəziyyəti bir az sakitləşdirəndən sonra mən Bakıya qayıda bilərəm.
Dünən mən Əbülfəz Elçibəylə telefon əlaqəsi saxlamağa cəhd etdim. Telefon əlaqəsi yarandı, ancaq səs çox zəif gəldiyinə görə bizim danışıqlarımız tam, istədiyimiz kimi olmadı. Ancaq suallarıma müəyyən qədər cavab aldım. Dedi ki, hələ mən buradayam. Soruşdu ki, orada vəziyyət necədir, Surət Hüseynovun Bakının ətrafına toplaşmış qoşunları çəkilib, ya çəkilməyib? Bildirdi ki, mən hələ burada olacağam. Vəziyyət müəyyən qədər düzələndən sonra öz fikrimi deyərəm.
Əbülfəz Elçibəy ilə dövlət katibi Əli Kərimov daha intensiv əlaqələr saxlayır. Əli Kərimov da bu sözləri mənə çatdırmışdır.
Yaranmış vəziyyətlə əlaqədar olaraq bu gün gündüz saat 2-də biz - Ali Sovetin, Nazilər Kabinetinin, bir neçə nazirliklərin rəhbərləri, məsul şəxslər toplaşmışdıq. Mövcud vəziyyəti saat 2-dən indiyə qədər müzakirə edirdik. Vəziyyəti müzakirə etdik, cürbəcür fikirlər meydana çıxdı. Biz belə qərara gəldik ki, sabah səhər saat 11-də Milli Məclisin iclası toplansın, yaranmış vəziyyət bir də müzarkiə olunsun. Ali Sovetin sədri kimi mən öz səlahiyyətlərim çərçivəsində bütün tədbirləri görürəm və çalışıram ki, yaranmış gərginlik artmasın, azalsın, ümumiyyətlə, aradan çıxsın. Ancaq Ali Sovetin sədri kimi mənim səlahiyyətlərim məlumdur, Prezidentin isə səlahiyyətləri daha da geniş, daha da böyükdür. Mənim deyəcəyim söz budur, başqa elə bir sözüm yoxdur. Kimin nə sualı var, buyursun.
SUAL: Cənab Əliyev, keçmiş Sovet İttifaqının bir çox ölkələrində olduğu kimi, son bir neçə ildə Azərbaycanda da kommunistlərin siyasi həyatdan sıxışdırılması prosesi olmuşdur. Sizin -Kommunist Partiyasının keçmiş liderinin, Sov.İKP MK Siyasi Bürosu üzvünün hakimiyyətə qayıtması o deməkdirmi ki, əvvəlki dəyərlər qayıdır, bizim gördüyümüz şəkildə demokratiya özünü doğrultmadı, kommunistlər yenidən hakimiyyətə gəlirlər?
CAVAB: Əvvəla, demokratiya ümumbəşəri dəyərdir, o, hansısa qrupların inhisarında ola bilməz. Ümumiyyətlə, dünyada elə bir hakim yoxdur ki, kimin demokratlara, kimin isə antidemokratlara mənsub olduğunu müəyyən edə bilsin. Hər kəs özünü demokrat saya, amma demokrat olmaya bilər. Eyni zamanda kimsə başqasını antidemokrat, mühafizəkar adlandıra bilər, lakin özü ondan daha çox qeyri-demokrat adam ola bilər.
İndi cəmiyyəti keçmiş kommunistlərə, demokratlara və ya hansısa başqa adamlara bölmək, hesab edirəm ki, o qədər də sağlam meyl deyildir. Azərbaycan öz dövlət müstəqilliyini qazanmışdır. Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlara malikdirlər və hər kəsin bu hüquqlardan istifadə etməyə ixtiyarı var. Keçmişdə kimin hansı partiyaya mənsub olmasının heç bir əhəmiyyəti yoxdur. Burada vətəndaşlıqdan, vicdanlı olmaqdan, ümumbəşəri dəyərlərə bağlılıqdan, sözün geniş mənasında demokratiyadan söhbət gedir. Mən hesab etmirəm ki, Azərbaycanda demokratiya ancaq Xalq Cəbhəsinə məxsusdur. Demokratiya bütün xalqa məxsusdur və hər bir insan özünün demokratik əqidəsi ilə bu gün də, sabah da siyasi fəallıq göstərə bilər. Keçmiş kommunistlərin də heç birinə bu, qadağan olunmamışdır.
SUAL: Televiziya, mətbuat belə bir fikir yayır ki, - bu, Milli Məclisdə də səslənib, - Azərbaycan Prezidenti ölkəni istədiyi yerdən idarə edə bilər. Müxbirlərdən biri Əbülfəz Elçibəylə söhbətində aydınlaşdırıb ki, Prezident ölkəni idarə edir, sərhədyanı bölgələrlə maraqlanır, müəyyən göstərişlər verir. Bilmək istərdim ki, bu, nə dərəcədə doğrudur və belə göstərişlərin, tövsiyələrin verilməsi Sizə məlumdurmu?
CAVAB: Bilirsiniz, mən dünən səhər Naxçıvan Muxtar Respublikasının baş naziri Şəmsəddin Xanbabayevə göstəriş verdim ki, Ordubadın Kələki kəndinə getsin və Azərbaycanın Prezidenti Əbülfəz Elçibəyi salamlasın, onunla görüşsün və Naxçıvan Muxtar Respublikasının baş naziri kimi öz xidmətlərini ona təklif etsin, mənim salamımı yetirsin, - çünki telefon əlaqəsi mümkün olmurdu, - əgər onun sözləri varsa, mənə çatdırsın. Axşam Şəmsəddin Xanbabayev mənə telefon edib dedi ki, mən getdim, yolun yarısında - Dəstə kəndindən Kələki tərəfə döngədəki postda polis məni saxladı və oraya buraxmadı.
Baxmayaraq ki, mən baş nazirəm, hamı məni tanıyır, dedilər ki, Ordubad rayon polisinin rəisi Vüqar Əhmədovun, - o, Xalq Cəbhəsinin fəal üzvüdür, - icazəsi olmadan sizi buraxmayacağıq. Şəmsəddin Xanbabayevin dediyinə görə, o, sonra Ordubad şəhərinə gedib, rayon icrayə komitəsinin sədri Rövşən Cəbiyevdən xahiş edibdir ki, mən Əbülfəz Elçibəyi görmək, salamlamaq istəyirəm və Heydər Əliyevin sözləri var, ona çatdırmaq istəyirəm. Rövşən Cəbiyev Kələki kəndinə telefon edib, oradan məlumat veriblər ki, Əbülfəz Elçibəy özü vaxt tapıb onu dəvət edəcəkdir. Ancaq axşama qədər gözləyib, buna nail ola bilməyib, qayıdıbdır. Siz özünüz bundan nəticə çıxara bilərsiniz.
APARICI: Əbülfəz Əliyevin yenidən Bakıya qayıtması üçün Milli Məclisdə müzakirələr davam etsə də, o, Kələkidən ayrılmaq fikrində deyildi. Əbülfəz Əliyev yaxşı bilirdi ki, özünün və cəbhədaşlarının - İsa Qəmbərovun, Pənah Hüseynovun, Arif Hacıyevin və başqalarının qoyub getdiyi yığın-yığın problemləri həll etmək iqtidarında deyildir. Bütün bu problemlərin və bəlaların ağrısını xalq və Bakıya dəvət olunmuş Heydər Əliyev çəkirdi.
İyunun 22-də Heydər Əliyevin yenidən kütləvi informasiya vasitələri üçün keçirdiyi brifinqdə ölkədə yaranmış ictimai-siyasi vəziyyətə və hadisələrə aydınlıq gətirildi.
AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN SƏDRİ HEYDƏR ƏLİYEVİN 1993-CÜ İL İYUNUN 22-DƏ YERVİ VƏ XARİCİ JURNALİSTLƏR ÜÇÜN KEÇİRDİYİ BRİFİNQDƏN
HEYDƏR ƏLİYEV: Hamınızı salamlayıram. Bugünkü brifinqin keçirilməsinin səbəbini izah etməyə ehtiyac yoxdur. Son dövrdə Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar biz çalışırıq ki, informasiya orqanlarına dəqiq məlumat və tamamilə azadlıq verilsin, gedən bütün proseslər aydın olsun. Görünür, bizim bu vəziyyətimiz müəyyən bir çərçivəyə düşənə qədər belə görüşlərin keçirilməsinə ehtiyac olacaqdlr. Ona görə də mən sizi bugünkü brifinqə dəvət etmişəm.
Ölkədə vəziyyət gərgin olaraq qalır. Gəncə hadisələri və onun nəticələri ilə əlaqədar məsələlər indiyə qədər həll olunmayıbdır. Azərbaycanın xalq deputatı, polkovnik Surət Hüseynov öz tələblərinin üzərində dayanıbdır. Bildiyiniz kimi, dünən o, Gəncə şəhərində mətbuat konfransı keçirib, bəyanat veribdir. Bu bəyanatında da Əbülfəz Elçibəyin istefa verməsini tələb edir. Surət Hüseynova tabe olan qoşun hissələrinin bir qismi iki istiqamətdə artıq Bakının ətrafındadır. Ancaq onlar orada dayanıblar, yenə də bir sıra rayonlara nəzarət edirlər. Bu sahədə elə bir dəyişiklik yoxdur.
Biz vəziyyətin təhlili ilə daim məşğul oluruq. Bildiyiniz kimi, dünən Milli Məclisin iclası keçirilibdir. Əsas məsələ Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin Bakıya qayıtması olubdur. Dünənki, iclas birbaşa yayımla əhaliyə çatdırılıbdır. Bu, sizə məlumdur. Milli Məclis dünən qərar qəbul etdi ki, Prezident Əbülfəz Elçibəyə müraciət olunsun, o, Bakıya qayıtsın, iş yerində olsun, öz vəzifəsini yerinə yetirsin.
Milli Məclis eyni zamanda, Azərbaycanın xalq deputatı Surət Hüseynova müraciət qəbul edibdir. Həmin müraciət də sizə məlumdur.
Mən Prezident Əbülfəz Elçibəylə bu günlər telefon əlaqəsi saxlamışam. Dünən günün ikinci yarısında onunla telefonla danışmışam, burada olan vəziyyəti ona bildirmişəm. Milli Məclisin qərarını ona çatdırmışam. Xahiş etmişəm ki, o, Bakıya qayıtsın, öz vəzifəsinin icrası ilə məşğul olsun və bu gərgin vəziyyətdən çıxmaq üçün bizimlə bərabər tədbirlər görsün. Mənim onunla telefon danışıqlarım müsbət nəticə verməyibdir. Yəni, Əbülfəz Elçibəy buraya qayıtmaqdan hələ imtina edir. Onun əsas sözləri bundan ibarətdir ki, Bakının ətrafında əmin-amanlıq yaranmayana qədər o, geriyə qayıtmaq istəmir. O, məndən xahiş edibdir ki, buradakı rəhbər şəxslərlə bərabər respulikada vəziyyəti sabitləşdirməyə çalışaq. Əbülfəz Elçibəy bundan sonra Bakıya qayıtmaq fikrindədir.
Mənim Əbülfəz Elçibəyə gətirdiyim dəlillər heç bir nəticə verməyibdir. Bu dəlillər ondan ibarətdir ki, Prezident öz vəzifəsini ifa etməlidir, Ali baş komandan kimi bütün ordu hissələrinə rəhbərlik etməlidir və Azərbaycanda baş verən hadisələrlə əlaqədar məsuliyyət daşımalıdır.
Mətbuat xətti ilə məlumatlar gəlir ki, Əbülfət Elçibəy Kələkidə olduğu halda, guya respublikaya rəhbərlik edir. Ancaq bu, həqiqətə uyğun deyildir. Çünki respublikaya rəhbərlik etməyə onun indi imkanı yoxdur. Bir neçə telefon danışığı ilə ölkəyə rəhbərlik etmək olmaz, Naxçıvanla rabitə də çox zəif haldadır. Mən bunların hamısını Əbülfəz Elçibəyə bildirmişəm. Ancaq təəssüf ki, ona bu sözlərin heç biri təsir etməyibdir - o, hələ də Kələki kəndində qalır.
Biz dünən axşam toplaşmışdıq, Nazirlər Kabinetinin rəhbərliyi, nazirlər də iştirak edirdilər. Biz məsələni müzakirə etdik. Mən onların yanında Əbülfəz Elçibəylə danışdım, bu da nəticə vermədi. Baş nazirin müavinlərinin hamısı bu gün səhər Əbülfəz Elçibəylə telefonla danışıblar. Bu danışıqların hamısının məqsədi Əbülfəz Elçibəyi inandırmaq olubdur ki, o, Bakıya qayıltmalı və öz vəzifəsini icra etməlidir. Çünki Milli Məclis də belə bir qərar qəbul edibdir və o, yerinə yetirilməlidir. Ancaq bunların heç biri nəticə verməyibdir.
Bu gün mən bir addım da atmaq məcburiyyətində oldum. Alimlərin, mədəniyyət, elm xadimlərinin bir neçəsini dəvət etdim, onlarla söhbət apardım. Müraciət etdim ki, nüfuzlu adamlar kimi bəlkə onlar - bu adamların çoxu Əbülfəz Elçibəylə bir yerdə işləyibdir - onunla əlaqəyə girsinlər, vəziyyəti anlatsınlar. Bəlkə onlar bir şeyə nail ola bilərlər. Onlar bizim bu təklifimizi qəbul etdilər. Elm və mədəniyyət xadimlərinin bir qrupu təxminən yarım saat sonra təyyarə ilə Naxçıvana uçur. Onlar Əbülfəz Elçibəyin yanına gedirlər ki, onunla danışsınlar, söhbət aparsınlar, vəziyyəti çatdırsınlar. Bizim bu tədbirimiz bəlkə bir nəticə verdi.
Bizi eyni zamanda narahat edən cəhət ondan ibarətdir ki, Surət Hüseynovun hərbi dəstələrinin bir hissəsi Bakının ətrafındadır. Şübhəsiz ki, onların içərisində intizamsız adamlar da ola bilər, qeyri-qanuni hərəkətlər, iğtişaşlar da baş verər. Bu, bizi çox narahat edir. Bu canlı yayımdan istifadə edərək, mən hamıya müraciət edirəm ki, sayıq olsunlar, heç bir toqquşmaya yol verməsinlər, meydana çıxa biləcək hər bir münaqişə danışıq yolu ilə həll olunsun. Bizə gələn məlumatlardan belə aydın olur ki, Bakı şəhərində təxribat törətmək niyyətində olan bəzi qruplar vardır. Bildiyiniz kimi, burada silahlı qruplar çoxdur. Təəssüf ki, silahların yığılması indiyə qədər təmin edilməyibdir. Əksinə, respublika müdafiə və daxili işlər nazirliklərindən verilən məlumatlara görə, Azərbaycan Prezidentinin göstərişi ilə silahların bir hissəsi son 10-15 gün içərisində - iyunun 4-də Gəncədə baş vermiş hadisələrdən sonra - naməlum adamlara paylanıbdır. Ona görə də şəhərdə silahlı adamlar və qruplar vardır. Onlar vəziyyətdən istifadə edib şəhərdə təxribat törətmək və beləliklə, aranı qarışdırmaq niyyətindədirlər. Biz belə halların qarşısını almaq üçün orqanlara lazımi göstərişlər vermişik. Onlar öz fəaliyyətlərini həyata keçirirlər. Amma, eyni zamanda, mən bütün bu təxribatçı qruplara, cinayətkar insanlara, pis niyyətdə olan adamlara xəbərdarlıq etmək istəyirəm ki, biz bunlara yol verməyəcəyik. Şübhəsiz, ola bilər ki, haradasa təxribat, xəta baş versin. Ancaq biz belə təxribatçılara qarşı qanun çərçivəsində lazımi tədbirlər görəcəyik.
Mən, eyni zamanda, bütün xalqımıza müraciət edirəm - indi Bakıda, Azərbaycanda sabitliyin qorunması hamının vətəndaşlıq, vətənpərvərlik borcudur. Gərək hər kəs bu sahədə öz borcunu yerinə yetirsin. Bir daha deyirəm, mən təxribat törətmək niyyətində olan adamlara xəbərdarlıq edirəm ki, belə pis niyyətlərindən əl çəksinlər. Eyni zamanda, bütün Azərbaycan vətəndaşlarına, Bakı şəhərinin sakinlərinə müraciət edirəm ki, ölkənin bu ağır günlərində sabitliyi, sakitliyi təmin etsinlər və heç kəs qeyri-qanuni hərəkətə yol verməsin. Vəziyyət gərgindir, gərgin olaraq qalır. Güman edirəm ki, hamıda müdriklik çatacaq və biz bu vəziyyətdən çıxacağıq.
X X X
YETKİN MEHMANOV \müəllim\: Tarixin sonrakı gedişi göstərdi ki, məhz möhtərəm Prezidentimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitlik bərqərar oldu, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, qardaş qırğınına yol verilmədi. Üzücü müharibədə atəşkəsə nail olundu. Maliyyə məsələlərində sabitlik yarandı, manatın inflyasiyası dayandı, neft müqavilələri bağlandı və həyatın digər sahələrində uğurlu islahatlar aparıldı. Aparılan islahatların nəticəsidir ki, Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun gününü inkişaf etmiş dövlət kimi qarşılayırıq. Bütün bunlara görə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevə minnətdarıq.
FƏRHAD MƏMMƏDOV\neftçi\: Möhtərəm Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışı ilə neft sənayesinin yeni həyatı başlandı.
1994-cü ildə “Əsrin müqaviləsi”nin və ondan sonrakı dövrdə digər müqavilələrin bağlanması neft sənayesinin inkişafını təmin etdi. İndi biz neftçilər əməlli-başlı əmək haqqı alırıq. Lakin 1993-cü ilə qədər isə aylarla əmək haqqı ala bilmirdik. Neftçilərimiz indi böyük ruh yüksəkliyi ilə çalışırlar. Bu diqqət və qayğını heç vaxt unutmayacağıq. Dövlətimizin başçına ürəkdən minnətdarıq və çalışırıq ki, bizə göstərdiyi diqqəti, qayğını, etimadı doğruldaq.
BƏXTİYAR NƏBİYEV\elmi işçi\: Hamımız 1993-cü il iyun hadisələrinin canlı şahidi olmuşuq. Həmin proseslər bu gün də gözümüz önündədir. O vaxtlar vəziyyət elə şəkil almışdı ki, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi var idi. Yaxşı ki, həmin vaxt xalqımız düzgün addım ataraq, cənab Heydər Əliyevi təkidlə ikinci dəfə hakimiyyətə qaytardı.
Cənab Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. İsa Qəmbərov, Arif Hacıyev kimilərinin ölkəmizdə yaratdıqları xaosu aradan qaldırmağa nail oldu. Cənab Heydər Əliyevin Azərbaycanı bu ağır vəziyyətdən necə addım-addım çıxardığının canlı şahidiyik. Onu da qeyd edim ki, möhtərəm Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra atdığı ilk addımlardan biri gənclər siyasəti ilə bağlı olmuşdur. Azərbaycanda gənclər və idman nazirliyi yaradıldı. Bu gün biz gənclər etiraf etməliyik ki, Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildən, Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra başlanmışdır.
İSRAFİL MƏMMƏDOV\magistr\: 1993-cü il iyunun 4-də Gəncədə baş verən hadisələr Azərbaycanda qardaş qarşıdurmasından, vətəndaş müharibəsindən xəbər verirdi. 1992-1993-cü illərdə Azərbaycanda yaranmış anarxiya, xaos, hərc-mərclik o dövrdəki iqtidarın səriştəsizliyinin nəticəsi idi.
15 iyun dövlətçiliyimizin, Azərbaycanda demokratik inkişafın əsasını qoyan bir gün kimi tariximizə yazılıbdır. Həmin dövrdən başlayaraq, ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar bu gün öz bəhrəsini verir. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altinda vahid ordu yaradıldı.
Bu gün biz gənclər üçün geniş imkanlar açılmışdır. Gənclərimiz dünyanın müxiəlif ölkələrində təhsil alır, dövlət quruculuğunun müxtəlif sahələrində ürəklə çalışırlar. Bütün bunların hamısı dövlətimizin başçısı Heydər Əliyevin bizə göstərdiyi diqqət və qayğının nəticəsidir.
APARICI: Azərbaycanın dəniz kimi çalxalandığı 1993-cü ilin iyun günlərində vəziyyət nə qədər gərgin olsa da, artıq xalqın inam hissi özünə qayıtmışdı. Bu inamın, bu ümidin söykək yeri xalqımızın əvəzsiz və şəriksiz milli lideri Heydər Əliyev idi.